Advertisment

Gürcüstan rəqəmsal milli valyutanın buraxılmasına qanunvericilik səviyyəsində icazə verəcək

Gürcüstan parlamenti Milli Bank haqqında qanuna rəqəmsal larinin emissiyası və dövriyyəsi ilə bağlı Mərkəzi Bankın səlahiyyətlərini müəyyənləşdirən dəyişikliklərə baxacaq.

Herbiand.az xəbər verir ki, parlamentin yaydığı məlumata əsasən, təqdim olunan qanun layihəsi rəqəmsal larinin statusunu müəyyən edir. Sənədlə “pul əsginasları” və “emissiya” anlayışlarının əhatə dairəsi genişləndirilir, həmçinin pulun rəqəmsal formada buraxılması nəzərdə tutulur.

Parlamentin Maliyyə-Büdcə Komitəsinin sədri Paata Kvicinadzenin sözlərinə görə, Gürcüstan yaxın vaxtlarda rəqəmsal milli valyutanı dövriyyəyə buraxa bilməyəcək. Bununla belə, Milli Bank gələcəkdə rəqəmsal larinin buraxılması üçün zəruri olan bütün proqram təminatını və infrastrukturu əldə etmək imkanı qazanacaq.

Milli Bankın prezidenti Natia Turnava daha əvvəl vurğulayıb ki, Gürcüstanda rəqəmsal aktivlər üçün qabaqcıl normativ-hüquqi mühit formalaşdırılır. Rəqəmsal lari üzrə dövlət layihəsi isə özəl təşəbbüslər çərçivəsində yaradılan stabilkoinlərdən fərqli şəkildə inkişaf etdirilir. Hazırda Gürcüstanda üç rəqəmsal bank fəaliyyət göstərir. Bundan əlavə, virtual aktivlər üzrə xidmət təminatçıları (VASP) üçün tənzimləyici baza yaradılıb.

Mart ayında Gürcüstan Milli Bankı rezident şirkətlərə yerli valyutada – laridə, eləcə də xarici valyutada stabilkoinlər buraxmağa icazə verib. May ayında isə dünyanın ən böyük beynəlxalq kriptovalyuta şirkətlərindən biri olan “Tether” Gürcüstanın milli valyutasına bağlanmış GELT stabilkoinini buraxacağını bəyan edib.