Advertisment

Kasıbı narazı salan "məzar biznesi"-Bələdiyyə üzvündən vacib açıqlama

Nazirlər Kabinetinin müvafiq qərarı ilə qəbiristanlıqların salınması, idarə olunması və fəaliyyətinə nəzarət bələdiyyələrin səlahiyyətinə aid edilib. 

Bununla belə, dəfn xidmətləri, məzar yerlərinin ayrılması, ödənişlər və tətbiq olunan qaydalarla bağlı cəmiyyətdə müxtəlif suallar və fikir ayrılıqları mövcuddur.
Bəs bələdiyyə ərazisində qəbiristanlıqların idarə olunması necə həyata keçirilir? Dəfn üçün hansı sənədlər tələb olunur, məzar yeri üçün rəsmi ödəniş nəzərdə tutulurmu və qəbiristanlıqlarda hansı standartlara əməl edilməlidir?

Ümid Partiyası İdarə Heyətinin üzvü, Binəqədi bələdiyyəsinin yerli iqtisadi inkişaf məsələləri daimi komissiyasının sədri Tamilla Qulami Herbiand.az-a açıqlamasında bildirib ki, qəbiristanlıqların idarə olunması ilə bağlı məsələlər qanunvericiliklə müəyyən edilmiş qaydada tənzimlənir və burada əsas məqsəd vətəndaşların dəfn hüququnun təmin olunması, qəbiristanlıqların səliqəli və qanuni əsaslarla idarə edilməsi, eyni zamanda sanitar və digər müvafiq tələblərə əməl olunmasıdır.

Onun sözlərinə görə, Bakı şəhərində Kommunal Xidmətlər Trestinin balansında olan bəzi qəbiristanlıqlarda dəfn və qazıntı xidmətləri — məzarın qazılması, kərpic-daş hörgüsü və fəhlə xərcləri üçün illər əvvəl rəsmi rüsumlar müəyyən edilib. Müsəlmanlar üçün bu rüsum 63 manat təşkil edib. Ümumilikdə isə məzar yeri üçün torpağın hər hansısa bir rəsmi satış qiyməti yoxdur. 

Binəqədi rayonunun ərazisində mövcud qəbiristanlıqların hüquqi statusunu dəqiq ayırmaq vacibdir. Hazırda rayonda iki əsas qəbiristanlıq mövcuddur. Bu qəbiristanlıqlar Binəqədi qəsəbəsi və Biləcəri ərazisində yerləşir. Binəqədi bələdiyyəsinin balansında və ya mülkiyyətində ayrıca qəbiristanlıq yoxdur. Bu səbəbdən vətəndaşların qəbiristanlıqla bağlı müraciətlərinə münasibətdə ilk növbədə konkret qəbiristanlığın hansı qurumun idarəçiliyində və ya balansında olması müəyyənləşdirilib, yönləndirilir. 

 

Qeyd edim ki, bələdiyyəmizin səlahiyyətində olmayan qəbiristanlıq üzrə bələdiyyənin adından hər hansı ödəniş tələb edilməsi və ya məzar yeri ayrılması barədə fikir bildirə bilmərəm. 

Ümumilikdə isə Azərbaycanda sözügedən məsələ ilə bağlı məzar yerinin satılması maddəsi yoxdur. Məzar yeri xalqın torpağıdır və o torpaq satılmamalıdır. Qəbiristanlıqlarda yalnız xidmət üçün pul vermək olar. 
Məzar yeri ilə bağlı müraciətlər zamanı vətəndaşın şəxsiyyətini təsdiq edən sənədi, dəfn ediləcək şəxslə bağlı ölüm haqqında şəhadətnamə və qanunvericilikdə nəzərdə tutulan digər sənədlər təqdim edilməlidir”. Tamilla Qulami hesab edir ki, məzar yerinin ayrılması isə qəbiristanlığın konkret idarəetmə qaydalarına uyğun həyata keçirilməlidir. 

“Burada əsas prinsip ondan ibarətdir ki, dəfn üçün yer ayrılması şəffaf, qanuni və vətəndaş üçün aydın mexanizm əsasında aparılmalıdır. Kimsə özündən rüsum təqdim edib, məzar yerini ev qiymətinə satmamalı, ümumiyyətlə bu addımlar atılmamalıdır. Təəssüf ki, bu kimi hallar kifayət qədərdir və insanlar çox şikayətçidir. Belə ki, vətəndaşdan qanuni əsas olmadan, xüsusilə də rəsmi tarif və ya ödəniş sənədi olmadan hər hansı vəsait tələb edilməsi yolverilməzdir. 

Dediyim kimi, əgər konkret xidmət üçün qanunvericiliklə ödəniş nəzərdə tutulursa, həmin ödənişin hüquqi əsası və məbləği vətəndaşa açıq şəkildə bildirilməlidir. Məzarların ölçüləri və qəbiristanlığın planlaşdırılması da özbaşına müəyyən edilən məsələ deyil. Dəfn yerlərinin ölçüləri, qəbiristanlıq ərazisindən istifadə, keçidlərin saxlanılması, sanitariya və abadlıq tələbləri müvafiq normativ qaydalarla tənzimlənir. 

Buna görə də qəbir yerlərinin həddindən artıq genişləndirilməsi və ya qonşu məzarların, keçidlərin hesabına yeni sahələrin zəbt edilməsi düzgün yanaşma hesab edilməməlidir. Binəqədi rayonunda məzar yerlərinin gələcəkdə çatışmazlığı məsələsinə də məsuliyyətlə yanaşmaq lazımdır. 

Bakı kimi əhalisi sıx olan bir ərazidə qəbiristanlıqların mövcud sahəsinin məhdud olması təbii olaraq müəyyən problemlər yarada bilər. Lakin Binəqədi rayon Binəqədi Bələdiyyəsinin ayrıca qəbiristanlığı olmadığı üçün bələdiyyə tərəfindən öz balansında olan qəbiristanlıq üzrə yer çatışmazlığı ilə bağlı konkret statistika təqdim etmək mümkün deyil. Bu məsələ bilavasitə həmin qəbiristanlıqların idarəediciləri və aidiyyəti qurumlar tərəfindən qiymətləndirilməlidir. 

Eyni zamanda Binəqədi rayonunun özünəməxsus xüsusiyyətlərindən biri də burada dünyaca məşhur paleontoloji təbiət abidəsinin yerləşməsidir. Qeyd edim ki, bu abidə UNESCO-nun Ümumdünya İrdi siyahısına namizəd olan və döblət tərəfindən qorunan qoruq ərazisidir və araşdırma nəticəsində aşkarlanan tapıntılar Təbiət Tarixi Muzeyində saxlanılır. Bu amil rayonun ərazisindən istifadə məsələsinə, xüsusilə də torpaq sahələrinin planlaşdırılması və yeni qəbiristanlıq ərazilərinin müəyyənləşdirilməsinə xüsusi yanaşma tələb edir. 

Təbii və tarixi əhəmiyyət daşıyan ərazilərin qorunması ilə yanaşı, əhalinin dəfn yerlərinə olan real tələbatı da nəzərə alınmalıdır. Hesab edirəm ki, gələcəkdə qəbiristanlıqlarla bağlı ən düzgün yanaşma bütün proseslərin vahid, şəffaf və elektron uçot sisteminə keçirilməsidir. Vətəndaş bilməlidir ki, məzar yeri hansı ərazidə yerləşir, kim tərəfindən ayrılır, bunun üçün hansı sənədlər tələb olunur və hər hansı ödəniş varsa, onun hüquqi əsası nədir. 

Bələdiyyənin mövqeyi ondan ibarətdir ki, qəbiristanlıq məsələsi yalnız dəfn yeri məsələsi kimi deyil, həm də sosial, hüquqi, sanitariya, şəhərsalma və ekoloji məsələ kimi qiymətləndirilsin. Vətəndaşın yaxınını layiqincə dəfn etmək hüququ təmin edilməli, eyni zamanda qəbiristanlıqların idarə olunmasında qanunçuluq, şəffaflıq və ictimai nəzarət prinsipləri qorunmalıdır.  Qəbiristanlıqlar şəxsi mülk və ya kiminsə özbaşına genişləndirə biləcəyi ərazi deyil, hər kəsin haqqının qorunmalı olduğu ümumi məkanlardır. 

Təəssüf ki, bəzi ailələr qəbiristanlıqlarda həddindən artıq geniş sahələr tutur, az qala kiçik bir imarət qurur və bununla da digər insanların məzar yeri əldə etməsinə mane olurlar. Bu cür yanaşma zaman keçdikcə məzar yerlərinin süni şəkildə qıtlaşdırılmasına və qiymətlərin əsassız şəkildə yüksəlməsinə şərait yaradır. 

Qəbiristanlıqda torpaq sahəsinin varlı və imkanlı şəxslər tərəfindən faktiki olaraq bölüşdürülməsi sosial ədalətsizliyin daha bir nümunəsidir. Burada əsas məsuliyyət yalnız vətəndaşda deyil, belə hallara vaxtında nəzarət etməyən aidiyyəti qurumların üzərinə də düşür. Qəbir yerlərinin ölçüsü, ailə məzarlarının sahəsi və dəfn qaydaları konkret və hamı üçün eyni standartlarla tənzimlənməlidir. 

Heç kəs maddi imkanına görə qəbiristanlıqda başqasından daha böyük ərazi tutmaq və ya məzar yerinin qiymətini süni şəkildə müəyyənləşdirmək hüququna malik olmamalıdır. Bu məsələdə nəzarət gücləndirilməli, qanunsuz zəbt və kommersiyalaşmanın qarşısı alınmalıdır”.

Məhəmməd Əliyev
Herbiand.az