Yanvar ayından maaş və pensiyaların artırılması gözlənilir ki, bunun da bazar qiymətlərinə mümkün təsirləri ilə bağlı suallar ortaya çıxır. Eyni zamanda, Böyük Qayıdış prosesinin sürətlənməsi və əhalinin Qarabağa köçünün davam etməsi ölkənin iqtisadi həyatında yeni dəyişikliklərə yol açır. Bu prosesin Bakıda mənzil bazarının canlanmasına, eləcə də azad edilmiş ərazilərdə heyvandarlığın inkişafına təsir göstərəcəyi gözlənilir. Digər tərəfdən, gəlirlərin artmasının istehlak bazarına və qiymət dinamikasına necə təsir edəcəyi xüsusi maraq doğurur. Beləliklə, qarşıdakı dövrdə ölkə iqtisadiyyatında bir sıra dəyişikliklərin baş verəcəyi ehtimal olunur.
Mövzu ilə bağlı suallarımızı Respublikaçı Alternativ (REAL) Partiyası Siyasi Komitəsinin sədri, siyasi şərhçi Natiq Cəfərli cavablandırıb.

-Natiq bəy, maaş və pensiyaların artırılmasının qiymət artımına təsiri nə dərəcədədir? Bazar qiymətlərinin yüksəlməsini yalnız əhalinin gəlirlərinin artması ilə əlaqələndirmək doğrudurmu?
• Qiymət artımını yalnız maaş və pensiyaların yüksəldilməsi ilə əlaqələndirmək düzgün deyil. Təbii ki, gəlirlərin artmasının istehlak bazarına müəyyən təsirləri var, lakin qiymət artımının əsas səbəbini bununla izah etmək yanlışdır. Azərbaycanda inflyasiyaya təsir göstərən başlıca amillərdən biri yerli istehsalın məhdud olması və idxaldan asılılığın yüksək səviyyədə qalmasıdır. Nəticədə, xarici bazarlarda qiymətlərin dəyişməsi, logistika xərcləri və idxaldan asılılıq daxili bazara birbaşa təsir göstərir. Son illərdə Azərbaycanda ərzaq inflyasiyası sürətlənib və hazırda təxminən 7 faiz səviyyəsindədir. Qiymət dəyişikliklərinə təsir edən amillər arasında mövsümi faktorlar da mühüm yer tutur. Belə ki, dekabr ayından etibarən bazarda bir sıra yerli məhsulların təklifi azalır, idxal məhsullarının payı isə artır. Bu vəziyyət idxaldan asılılığı gücləndirməklə yanaşı, qiymətlərin yüksəlməsi üçün də zəmin yaradır. Digər tərəfdən, Yeni il ərəfəsində bayram süfrəsi ilə bağlı tələbatın artması ərzaq məhsullarına olan tələbi yüksəldir. Nəticədə, təklifin azalması, idxal məhsullarının payının artması və mövsümi tələbatın yüksəlməsi bir araya gələrək ərzaq qiymətlərinin bahalaşmasına təsir göstərir.
-İşğaldan azad edilmiş Laçın və Kəlbəcər rayonlarında heyvandarlığın bərpası və inkişafı istiqamətində işlər görülür. Bəs ət bazarında qiymətlər niyə ucuzlaşmır?
• Əslində, rəsmi statistik göstəricilər də heyvandarlıq sahəsində vəziyyətin ürəkaçan olmadığını göstərir. Azərbaycanda həm iri, həm də xırdabuynuzlu mal-qaranın sayı demək olar ki, hər ay azalır və son beş ildə bu tendensiya daha da sürətlənib. Mövcud göstəricilərə əsasən, iri buynuzlu mal-qaranın sayı təxminən 300 min baş, xırdabuynuzlu mal-qaranın, yəni qoyun və keçilərin sayı isə 1,3–1,4 milyon baş azalıb. Bu azalma yerli heyvandarlıq məhsullarının istehsalına və daxili bazarın təminatına mənfi təsir göstərə biləcək ciddi tendensiyadır. Əgər proses davam edərsə, ölkənin ət və süd məhsullarına olan tələbatının ödənilməsində idxaldan asılılıq daha da arta bilər. Bu baxımdan, heyvandarlıq təsərrüfatlarının dəstəklənməsi, yem təminatının yaxşılaşdırılması və istehsal xərclərinin azaldılması istiqamətində sistemli tədbirlərin görülməsi vacibdir.
-Böyük Qayıdış prosesinin sürətlənməsi və əhalinin Qarabağa köçünün davam etməsi Bakıda mənzil bazarının canlanmasına səbəb ola bilərmi?
-Böyük Qayıdış prosesinin Bakıda və digər şəhərlərdə mənzil qiymətlərinə müsbət təsir göstərməsi üçün ilk növbədə işğaldan azad edilmiş ərazilərdə insanların yaşaması, işləməsi və normal dolanışığını təmin etməsi üçün əlverişli şərait yaradılmalıdır. Həmin ərazilərdə iş yerlərinin sayının artması, iqtisadi fəallığın yüksəlməsi və əhalinin köçünün sürətlənməsi bu baxımdan mühüm şərtlərdir. Əgər gələcəkdə Qarabağ və Şərqi Zəngəzurda təxminən bir milyon insanın məskunlaşması mümkün olarsa, bu, ölkə daxilində əhalinin məkan üzrə bölgüsünə və mənzil bazarına əhəmiyyətli təsir göstərə bilər. Belə bir şəraitdə mənzilə olan tələbatın bir hissəsinin azad edilmiş ərazilərə yönəlməsi Bakıda, Gəncədə və digər şəhərlərdə bazar təzyiqini azalda bilər. Bununla belə, qiymətlərin necə dəyişəcəyi yalnız köçün miqyasından deyil, həm də yeni yaşayış məntəqələrində yaradılan iqtisadi imkanlardan və mənzil bazarındakı ümumi tələb-təklif nisbətindən asılı olacaq. Digər tərəfdən, Böyük Qayıdışın davamlı nəticə verməsi üçün təkcə yaşayış evlərinin tikilməsi deyil, infrastrukturun, təhsil və səhiyyə xidmətlərinin, eləcə də sahibkarlıq mühitinin inkişafı da vacibdir.
Məhəmməd Əliyev