Prezident İlham Əliyevin Bakıda “Ortaq gələcək naminə dialoq” mövzusunda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimindəki nitqi müasir beynəlxalq münasibətlərin aktual çağırışları, sülhün qorunması və sivilizasiyalararası əməkdaşlığın gücləndirilməsi baxımından mühüm mesajlarla yadda qalıb.
Siyasi təhlilçi Elman Cəfərli Herbiand.az-a açıqlamasında deyib ki, dövlət başçısının çıxışından irəli gələn əsas istiqamətlər Azərbaycanın multikulturalizm modelinin, milli-mənəvi dəyərlərinin və müstəqil dövlətçilik mövqeyinin beynəlxalq müstəvidə təqdim edilməsi ilə sıx bağlıdır.
“Mədəniyyətlərarası dialoq yalnız fərqli dinlər və xalqlar arasında anlaşma vasitəsi deyil, həm də dövlətlərin suverenliyinə hörmət, qarşılıqlı etimad və beynəlxalq təhlükəsizliyin təmin olunması üçün vacib platformadır. Azərbaycanın bu sahədə irəli sürdüyü yanaşmaların təhlili ölkənin tarixi təcrübəsini, sülh gündəliyini və qlobal əməkdaşlığa verdiyi töhfəni daha dərindən anlamağa imkan yaradır. Azərbaycançılıq ideologiyasının formalaşdırılması və dövlətçilik fəlsəfəsinin möhkəmləndirilməsi Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətlərindən biridir.
Bu ideologiya milli kimliyimizin qorunmasına, müxtəlif etnik və dini qrupların vahid cəmiyyət daxilində birləşməsinə və ümumi dövlətçilik maraqları ətrafında həmrəyliyin gücləndirilməsinə xidmət edir.
Qafqaz Albaniyasından başlayaraq Azərbaycanın tarixi müxtəlif mədəniyyətlərin, dinlərin və etnik qrupların qarşılıqlı əlaqədə olduğu zəngin bir irsə malikdir. Şirvanşahlar, Ağqoyunlular, Səfəvilər və Əfşarlar dövrü Azərbaycan dövlətçilik tarixinin mühüm mərhələlərini təşkil edir və bu dövrlərin öyrənilməsi milli dövlətçilik ənənələrinin dərk olunması baxımından xüsusi əhəmiyyət daşıyır”.
Siyasi təhlilçinin fikrincə, xanlıqlar dövründə vahid siyasi mərkəz ətrafında birləşmək cəhdləri Azərbaycan torpaqlarında milli dövlətçilik ideyasının inkişafını araşdırmaq üçün mühüm tarixi materialdır: “Bu zəngin irsin obyektiv öyrənilməsi və gələcək nəsillərə çatdırılması Azərbaycançılıq ideologiyasının, milli-mənəvi dəyərlərin və tarixi yaddaşın qorunmasına töhfə verir”.
Elman Cəfərli hesab edir ki, Azərbaycanın müharibədən sonrakı dövrdə sülh quruculuğu istiqamətində atdığı addımlar beynəlxalq ictimaiyyət üçün öyrənilməyə layiq təcrübədir: “Münaqişələrin dayandırılması, dayanıqlı sülhün qurulması və keçmiş düşmənlər arasında münasibətlərin normallaşdırılması yalnız siyasi bəyanatlarla deyil, konkret addımlar və qarşılıqlı məsuliyyətlə mümkündür.
BMT və xüsusilə Təhlükəsizlik Şurası uzun illər Azərbaycanın üzləşdiyi münaqişənin həlli ilə bağlı qəbul etdiyi qətnamələrin icrasını təmin edə bilməyib. Bu dövrdə Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyinə münasibətdə ikili standartların mövcudluğu barədə səsləndirilən fikirlər ölkənin öz imkanlarına və gücünə arxalanmaq məcburiyyətində qaldığını göstərir. Həmin tarixi xronikanın yenidən xatırlanması beynəlxalq təşkilatların məsuliyyəti və münaqişələrin həllində hüququn aliliyi məsələsini bir daha gündəmə gətirir.
BMT Baş katibinin də iştirak etdiyi Şanxay Əməkdaşlıq Təşkilatının tədbirində Azərbaycan Prezidentinin səsləndirdiyi mesajların yenidən müzakirəyə çıxarılması ölkənin sülh, təhlükəsizlik və beynəlxalq əməkdaşlıqla bağlı mövqeyinin daha dərindən anlaşılması baxımından əhəmiyyətlidir. Azərbaycanın daxili işlərinə qarışmamaq prinsipi beynəlxalq münasibətlərin əsas qaydalarından biri olmaqla yanaşı, ölkənin ideoloji təhlükəsizliyi baxımından da mühüm əhəmiyyət daşıyır”.
Siyasi şərhçi hesab edir ki, Azərbaycan ideoloji təhlükəsizliyi fiziki təhlükəsizlik qədər vacib hesab edir və ölkənin milli-mənəvi dəyərlərinə, dövlətçilik ənənələrinə kənardan müdaxilə cəhdlərini qəbul etmir: “Azərbaycana demokratiya, insan hüquqları və idarəçilik barədə mühazirə oxumaq istəyənlər ilk növbədə öz ölkələrindəki vəziyyətə nəzər salmalı, mövcud problemlərə obyektiv qiymət verməlidirlər.
Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik strategiyası və Prezident İlham Əliyevin rəhbərliyi dövründə həyata keçirilən siyasət nəticəsində Azərbaycan mühüm inkişaf yolu keçib, beynəlxalq mövqelərini möhkəmləndirib və regional gücdən daha geniş təsir imkanlarına malik orta gücə çevrilib.
Azərbaycanın gələn il müsəlman dünyasının, 2028-ci ildə isə Avropa Siyasi Birliyinin sammitinə ev sahibliyi etməsi ilə bağlı planlar reallaşarsa, bu, ölkənin beynəlxalq nüfuzunun və müxtəlif siyasi platformalar arasında dialoq məkanı kimi rolunun daha bir göstəricisi olacaq”.
Aydın