Milli Məclisdə xarici dövlətlərdə Azərbaycan dilinin vəziyyətinə dair məsələ müzakirəyə çıxarılır. Məsələ payız sessiyası üçün iş planına daxil edilib. Sessiya müddətində “Azərbaycan dili-milli suverenlik və insan hüquqlarının ayrılmaz tərkib hissəsi kimi- xarici dövlətlərdə Azərbaycan dilinin vəziyyətinə dair” ictimai dinləmənin keçirilməsi təmin edilməlidir.

Jurnalist Elman Cəfərli Hebriand.az-a açıqlamasında bildirib ki, xarici ölkələrdə yaşayan azərbaycanlıların ana dilinin qorunması və inkişafı Azərbaycan dövlətinin və vətəndaş cəmiyyətinin diqqət yetirməli olduğu mühüm məsələlərdən biridir. Onun sözlərinə görə, xüsusilə qonşu ölkələrdə yaşayan azərbaycanlı icmaların ana dilində təhsil almaq hüququ təmin edilməlidir. “Gürcüstanda yaşayan azərbaycanlılar üçün Azərbaycan dilində müasir dərsliklərin hazırlanmasına və çap edilərək məktəblərə göndərilməsinı xüsusi diqqət edilməlidir. Son illərdə bu sahədə əvvəlki dövrlərlə müqayisədə zəifləmə hiss edilir. Həmin icmaların ehtiyaclarını nəzərə alan milli kadrların hazırlanmasına xüsusi diqqət yetirilməlidir. Bu istiqamətdə müəllim, metodist və digər təhsil mütəxəssislərinin hazırlanması mühüm əhəmiyyət daşıyır. Eyni yanaşma Dağıstanın Dərbənd şəhərində və ətraf bölgələrdə yaşayan azərbaycanlılar üçün də tətbiq olunmalıdır. Ana dilinin yaşadılması yalnız dərsliklərin göndərilməsi ilə məhdudlaşmamalı, mədəni tədbirlər və maarifləndirici layihələrlə dəstəklənməlidir”.
Elman Cəfərli hesab edir ki, Suriya, İraq və Əfqanıstanda yaşayan Azərbaycan türkləri ilə mədəni əlaqələrin gücləndirilməsinə də ehtiyac var: “Bu əlaqələr həmin icmaların dil, ədəbiyyat, tarix və milli-mədəni irslə bağlı ehtiyaclarının öyrənilməsinə imkan verə bilər. Xaricdə yaşayan soydaşlarımız üçün Azərbaycan dilində elektron resursların və onlayn təhsil imkanlarının yaradılması da faydalı olardı. Azərbaycan dili xaricdə yaşayan soydaşlarımızın milli kimliyinin qorunmasında mühüm vasitələrdən biridir. Buna görə də ana dilinin tədrisi və istifadəsi ilə bağlı ardıcıl dövlət proqramlarının hazırlanması məqsədəuyğundur”.
E.Cəfərli hesab edir ki, qonşu ölkələr üçün ana dilli kadrların hazırlanması üçün ayrıca ali məktəbin yaradılması vacibdir: “Məsələn, Qazaxda və ya Xaçmazda Qafqaz xalqlarının tarixini, dillərini və mədəniyyətlərini araşdıracaq Qafqaz Xalqları Universitetinin yaradılması ideyası üzərində düşünmək olar. Belə bir ali məktəb region xalqları arasında elmi və mədəni əlaqələrin inkişafına xidmət edə bilər. Yaxın xarici ölkələrdə yaşayan soydaşlarımız üçün gəliş-gediş imkanları daha asan olsun deyə, ali təhsil müəssisəsinin sərhəd bölgəsində yaradılması da xüsusi önəm kəsb edir”.
Yunis İsrəfilov