Müasir dövrdə informasiya məkanının sürətlə genişlənməsi gənclərin müxtəlif ideoloji təsirlərlə üzləşməsi riskini artırır. Xüsusilə sosial şəbəkələrdə yayılan manipulyativ və saxta məlumatlar gənclərin dünyagörüşünə və milli dəyərlərə münasibətinə təsir göstərə bilər. Bu baxımdan gənclərin milli-mənəvi dəyərlərə bağlılığının gücləndirilməsi və onların ideoloji təxribatlardan qorunması mühüm məsələlərdən biridir. Eyni zamanda, hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi və gənclərdə vətənə, dövlətə və cəmiyyətə məsuliyyət hissinin formalaşdırılması xüsusi əhəmiyyət daşıyır. Bəs müasir informasiya mühitində gənclərin ideoloji təsirlərdən qorunması və milli maraqlara bağlılığının gücləndirilməsi üçün hansı addımlar atılmalıdır?

Ümid Partiyasının mərkəzi aparatının rəhbəri, siyasi şərhçi Taleh Əliyev
Herbiand.az-a açıqlamasında bildirib ki, Azərbaycan cəmiyyətinə yönəlik ideoloji hücumların yaratdığı təhlükələr ciddi narahatlıq doğurur. Onun sözlərinə görə, ideoloji işin əsas hədəfi məhz gənclər olmalıdır: “Çünki informasiya və ideoloji təsirlərə ən çox məruz qalan sosial qruplardan biri gənclərdir. Prezident İlham Əliyev də dəfələrlə vurğulayıb ki, gənc nəslin milli ruhda, milli-mənəvi dəyərlər əsasında tərbiyəsi mühüm vəzifədir. Buna görə gənclərə tariximizi, milli kimliyimizi, dövlətçilik ənənələrimizi və milli maraqlarımızı müasir üsullarla çatdırmaq lazımdır. Eyni zamanda, onlarda tənqidi düşüncə, media savadlılığı və saxta informasiyanı ayırd etmək bacarığı formalaşdırılmalıdır”.
Bəs gənclərin hərbi-vətənpərvərlik tərbiyəsində ailə, məktəb, media və ictimai təşkilatların rolunu necə qiymətləndirirsiniz? Bu istiqamətdə hansı işlər daha effektiv ola bilər? Taleh Əliyev hesab edir ki, bu istiqamətdə ailə, məktəb, media və ictimai təşkilatlar bir-birini tamamlamalıdır: “Ailə milli dəyərlərin ilk daşıyıcısı, məktəb isə sistemli vətəndaşlıq və vətənpərvərlik tərbiyəsinin əsas məkanıdır. Media və ictimai təşkilatlar isə bu işi gənclərin gündəlik informasiya mühitinə daşımalıdır. Xüsusilə veteranlarla görüşlər, hərbi-vətənpərvərlik düşərgələri, tarixi məkanlara səfərlər, real qəhrəmanlıq nümunələrinin təqdimatı və gənclərin sosial layihələrə cəlb edilməsi daha təsirli nəticə verə bilər. Əsas məsələ formal tədbirlərin sayını artırmaq deyil, gəncdə Vətənə bağlılıq və məsuliyyət hissini formalaşdırmaqdır”.
Müasir informasiya müharibəsi və sosial şəbəkələr fonunda gənclərin milli maraqları düzgün anlaması və ideoloji təxribatlara qarşı immunitet qazanması üçün hansı yeni yanaşmalara ehtiyac var?
Siyasi şərhçi hesab edir ki, bu gün ideoloji mübarizə böyük ölçüdə sosial şəbəkələrdə gedir və buna görə ənənəvi təbliğat üsulları ilə kifayətlənmək olmaz. “Yeni Azərbaycan Partiyasının son qurultayında da cənab prezident İlham Əliyev xüsusi ilə qeyd etdi ki, ideoloji işdə şablon və formal yanaşmalardan uzaqlaşaraq müasir üsullardan istifadə edilməlidir. Gənclər üçün “tik-tok”, “instagram”, “yutub” və digər platformalarda qısa, faktlara əsaslanan və cəlbedici milli kontent hazırlanmalı, tarix və dövlətçilik mövzuları müasir rəqəmsal formatlarda təqdim edilməlidir. Bununla yanaşı, gənclərə informasiya mənbələrini yoxlamaq, manipulyasiyanı tanımaq və müxtəlif informasiya mənbələrini müqayisə etmək bacarığı öyrədilməlidir. Prezidentin əvvəlki çıxışlarında da gənclərin kənar ideoloji təsirlərdən qorunması və milli ruhda yetişdirilməsi ideoloji işin mühüm istiqaməti kimi qeyd olunub”.
Məhəmməd Əliyev