Azərbaycan Respublikası tərəfindən Ukraynaya humanitar yardım məqsədilə nəzərdə tutulan elektrik avadanlıqlarından ibarət növbəti yük Sumqayıt Texnologiyalar Parkının (STP) ərazisindən yola salınıb.
Herbiand.az xəbər verir ki, humanitar yardım Azərbaycan Prezidenti İlham Əliyevin 2026-cı il 21 sentyabr tarixli Sərəncamına əsasən, Energetika Nazirliyi tərəfindən təmin edilib.
Ukrayna tərəfinin müraciəti əsasında təşkil olunan humanitar yükün tərkibinə ümumi dəyəri 2,5 milyon manat olan kabel, naqil, transformator və digər elektrik avadanlıqları daxildir.
Qeyd edək ki, elektrik təchizatının təmin olunmasına dəstək məqsədilə Azərbaycan tərəfindən bundan əvvəl də Ukraynaya humanitar yardımlar göndərilib. / AZƏRTAC /