Türkiyənin İstanbul şəhərinin Maltepe rayonunda 7 mərtəbəli binanın üç mərtəbəsi qismən çöküb.
Herbiand.az xəbər verir ki, hadisə Cevizli məhəlləsi Doğu küçəsində səhər saat 05:40-da baş verib. Əraziyə AFAD, yanğınsöndürmə, polis və təcili tibbi yardım qrupları cəlb olunub.
Rəsmi məlumatlara görə, binada ümumilikdə 12 mənzil və 33 sakin qeydiyyatda olub. Çökmə nəticəsində 2 nəfər həyatını itirib, 10 nəfər sağ xilas edilib, 2 nəfərin axtarışı davam edir. Yaralı 5 nəfərin xəstəxanada müalicəsi aparılır.
İstanbul valisi Davut Gül bildirib ki, 1987-ci ildə tikilən binanın 4 mənzilinə ziyan dəyib. Binanın giriş mərtəbəsində emalatxana yerləşib və çökmə zamanı orada heç kimin olmadığı müəyyənləşdirilib.
Hadisə ilə bağlı Anadolu Respublika Baş Prokurorluğu tərəfindən araşdırma başlanılıb. Binanın layihələndirilməsi, tikintisi və təmiri zamanı mümkün səhlənkarlıq və məsuliyyətin araşdırılması üçün 2 mülki müfəttiş təyin edilib.
Türkiyənin Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi naziri Murat Kurum bildirib ki, bütün dövlət qurumları hadisə yerindədir və xilasetmə işləri fasiləsiz davam etdirilir.
Hazırda dağıntılar altında qalan şəxslərin axtarışı davam edir.