Advertisment

"Onların taleyi ilə oynamaq olmaz, ortaq məxrəc tapılmalıdır-Alimdən çağırış

Azərbaycanda məktəblərdə vahid geyim forması və dini geyimlə bağlı müzakirələr dünyəvi təhsil prinsiplərini və uşaqların təhsil hüququ məsələsini yenidən gündəmə gətirib. Ölkəmizdə iki əsrdən artıq tarixə malik dünyəvi təhsil ənənəsi elmin, maarifçiliyin və qadınların ictimai həyatda fəal iştirakının inkişafına mühüm töhfələr verib.

Bu gün Azərbaycan qadınları biologiya, tibb, ekologiya və digər elm sahələrində uğur qazanaraq ölkəmizi beynəlxalq səviyyədə təmsil edirlər. Bəs dini inanclarla dünyəvi təhsil prinsipləri arasında yarana biləcək fikir ayrılıqları necə tənzimlənməlidir?  

“Ekorise” Sosial-İqtisadi İnkişafa Dəstək İctimai Birliyinin sədri, biologiya üzrə fəlsəfə doktoru, dosent Murad Musayev Herbiand.az-a açıqlamasında bildirib ki, Azərbaycanda dünyəvi təhsilin iki yüz ildən artıq tarixi var və bu ənənə ölkəmizdə elmin, maarifçiliyin və ictimai tərəqqinin inkişafında mühüm rol oynayıb: “Bu müddət ərzində Azərbaycan minlərlə tanınmış alim, həkim, bioloq və ekoloq yetişdirib, qadınlarımız təbiət elmləri də daxil olmaqla, müxtəlif sahələrdə böyük uğurlar qazanıblar.

Azərbaycan qadınlarının elmi nailiyyətləri ölkəmizin intellektual potensialının mühüm göstəricisidir. Mən bunu yalnız nəzəri baxımdan demirəm, öz elmi fəaliyyətimdən də bilirəm ki, Azərbaycan qadın alimləri beynəlxalq elmi mühitdə ölkəmizi layiqincə təmsil edir, qazandıqları uğurlarla elmimizi xaricdə tanıdırlar”.

Murad Musayevin fikrincə, dünyəvi təhsil ənənələri olmasaydı, qadınların elmin müxtəlif sahələrində bu səviyyədə təmsil olunması və uğurlar qazanması xeyli çətin olardı: “Qızların təhsildən kənarda qalması yolverilməzdir, çünki təhsil hər bir uşağın gələcəyini müəyyənləşdirən fundamental hüquqdur. Qızların erkən yaşlardan etibarən dini və ya digər səbəblərlə təhsildən uzaqlaşdırılması onların gələcək imkanlarını məhdudlaşdırır. Uşaqların təhsil hüququ valideynlərin şəxsi baxışlarından asılı vəziyyətə düşməməlidir”.

Murad Musayev yaranan problemlərin yalnız qadağalar və inzibati tədbirlərlə həllinin tərəfdarı olmadığını, məsələyə dialoq və qarşılıqlı anlaşma yolu ilə yanaşmağın vacibliyini vurğulayıb. Onun sözlərinə görə, dini inanclarla dünyəvi təhsil prinsipləri arasında qarşıdurma yaratmaq əvəzinə, qanunvericiliyin tələblərini və uşaqların hüquqlarını qorumaq şərtilə ortaq məxrəc tapılmalıdır: “Rəsmi qurumlar vətəndaşların narahatlıqlarını dinləməli, valideynlərlə açıq dialoq qurmalı və yaranmış suallara aydın izahlar verməlidirlər”.

Aydın

Herbiand.az