Advertisment

Şəhid leytenant Hafiz Qasımov yad edilib

Şəhidimizin anım günü münasibətilə keçirilən tədbirdə Culfa Rayon İcra Hakimiyyəti başçısının müavini və aparat əməkdaşları, YAP Culfa Rayon Təşkilatının kollektivi, Əlahiddə Ümumqoşun Ordunun zabit heyəti, hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbər şəxsləri, qazilər, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

​Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb. Ardınca çıxışlar olub.

​Çıxış edənlər şəhidin ailəsinə dərin hüznlə başsağlığı verərək, Hafiz Qasımov kimi vətənpərvər, elinə-obasına bağlı mərd oğulların qəhrəmanlıqlarının xalqımızın yaddaşında daim yaşayacağını, onların şücaətinin gələcək nəsillərə nümunə olacağını bildiriblər.

​Şəhid haqqında məlumat verilərkən qeyd olunub ki, 44 günlük Vətən müharibəsində düşmənin 30 il ərzində möhkəmləndirdiyi, keçilməz saydığı istehkamları yararaq xalqımıza möhtəşəm Qələbə sevinci bəxş edən qəhrəman Azərbaycan oğullarından biri də Culfa rayonunun Camaldın kəndində dünyaya gəlmiş şəhid leytenant Hafiz Cavanşir oğlu Qasımovdur.

​Vətən müharibəsi başlayanda leytenant Hafiz Qasımov bölüyü ilə birlikdə döyüşlərə qatılıb, Füzuli istiqamətində böyük igidlik göstərib. O, həm döyüşkən hərbçi, həm də mərhəmətli və qayğıkeş insan kimi döyüş yoldaşlarına dayaq olub.

Yaralı əsgərlərə tibbi yardım göstərib, ağır döyüşlərin birində isə soyuqdan titrəyən yaralı əsgərinə öz isti formasını verərək döyüşə davam edib. Həmin döyüşdə — 2020-ci il oktyabrın 14-də şəhadətə ucalıb.

​Sağlığında nümunəvi xidməti ilə seçilən leytenant Hafiz Qasımov “Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)” yubiley medalı ilə təltif edilib. Ölümündən sonra isə Prezident İlham Əliyevin sərəncamları ilə “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “İgidliyə görə” medalları ilə mükafatlandırılıb.

​Tədbirin sonunda leytenant Hafiz Qasımovun və onunla yanaşı dəfn edilmiş şəhid kapitan Şamil Babayevin məzarlarına gül dəstələri düzülüb, şəhidlərin ruhuna dualar oxunub və ehsan süfrəsi açılıb.

​Bəxtiyar Əliyev
"Naxçıvan Şəhid Ailələri" İctimai Birliyinin mətbuat katibi