Advertisment

“Sosial qayğılar yaradıcılığa mane olur” -Gənc yazardan təqaüdlə bağlı maraqlı təklif

Gənc yazarların yaradıcılıq fəaliyyətinin stimullaşdırılması, onların maddi rifah halının yaxşılaşdırılması və ədəbi mühitdə fəallığının artırılması mühüm məsələlərdəndir. Azərbaycanda gənc yazarlara dövlət səviyyəsində göstərilən dəstək tədbirlərindən biri də Prezident təqaüdünün verilməsidir.

Lakin bu təqaüdün məbləği və müddəti gənc qələm sahiblərinin maddi ehtiyaclarını nə dərəcədə qarşılayır?

Yaradıcılığa daha çox vaxt ayırmaq istəyən gənc yazarların sosial təminatının gücləndirilməsi üçün hansı addımlar atılmalıdır? Gənc yazar, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Prezident təqaüdçüsü Əntiqə Kərimzadə Herbiand.az-a açıqlamasında bu məsələlərə toxunaraq gənc ədiblərə dövlət dəstəyinin artırılmasının vacibliyini vurğulayıb:

“Uzun illərdir gənc yazarlar Prezident mükafatına təqdim edilirlər.  Gənc yazarlar üçün Prezidentin xüsusi təqaüdü Azərbaycan Yazıçılar Birliyinin təqdimatı  əsasında  verilir. Əlbəttə, bu addım  gənc yazarlar üçün  stimullaşdırıcı mövqe daşıyır. 

 Dövlətin  gənc yazarlara maddi dəstəyi  tədqirəlayiqdir. Hər il Yazıçılar Birliyindən 20 nəfər gənc yazar bu mükafata layiq görülür. 

Sözsüz ki, gənclərin maddi  qayğılarının kiçik bir qismini  bu mükafat qarşılayır. Ancaq reallıq bundan ibarətdir ki, həmin məbləğ o qədər də yüksək deyil. Həm də yazar bu təqaüdü yalnız bir il alır.


Yaradıcılıq zehin, düşüncə  məsələsidir. Düşünmək, fəaliyyət göstərmək daha çox zaman alır. Orta aylıq əmək haqqı qazana bilməyən gənc  yüksək yaradıcılıq nümunəsi ərsəyə gətirə bilmir. Bu da məsələnin əsas tərəflərindən biridir”.

Gənc şairə hesab edir ki, ədəbiyyata ömrünü həsr edən gənc yazarların üzləşdiyi əsas problemlərdən biri maddi çətinliklər və yaradıcılıq fəaliyyətinə kifayət qədər vaxt ayıra bilməmələridir. Bu baxımdan, gənc qələm sahiblərinə dövlət dəstəyinin artırılması, xüsusilə Prezident təqaüdünün müddətinin uzadılması və təkrar verilməsi məsələsi aktuallıq kəsb edir:

“Ömrünü ədəbiyyata həsr edən gənclər var ki, onların yüksək gəliri yoxdur. Axı  maddi rifahın yaxşı olması üçün  qazanc önəmlidir.  Həmin gənclərin mütailədən, yazmaqdan o qədər də çox vaxtı qalmır ki, hər hansı bir işlə məşğul olsunlar.

Düşünürəm ki,  aidiyyatı qurumlar bu və ya digər formada  ədəbi gəncliyə daha çox dəstək olmalıdır. Arzuolunandır ki,  həmin təqaüdlər bir gənc yazara bir dəfə deyil, bir neçə il fasilə  verməklə yenə də təkrarlansın. 

Yaxud da  təqaüdün müddəti uzadılsın.
Əlbəttə, bu,  yalnız bir  yazarın arzusudur”.

Aydın
Herbiand.az