Azərbaycan beynəlxalq nəqliyyat-logistika mərkəzi kimi rolunu genişləndirir. Şərq–Qərb və Şimal–Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı, eləcə də son illərdə reallaşdırılan iri infrastruktur layihələri nəticəsində 2026-cı ilin doqquz ayında tranzit daşımalarının həcmi 12 milyon tonu ötərək son beş ilin rekord səviyyəsinə yüksəlib.
Bu barədə Herbiand.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, qeyd olunan göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 14,5 faiz çoxdur. Xüsusilə tranzit yükdaşımaların həcmi Şərq–Qərb istiqamətində 20,2 faiz, Şimal–Cənub istiqaməti üzrə isə 19,0 faiz artıb.
Müsbət dinamika liman əməliyyatlarında da müşahidə olunub. Cari ilin doqquz ayında konteyner aşırmaları ötən ilin eyni dövrü ilə müqayisədə 29 faiz artaraq 100 min TEU-ya, quru yük aşırmaları isə 71 faiz artaraq 1,73 milyon tona çatıb.
“Tranzit daşımalarında müşahidə olunan müsbət dinamika nəqliyyat və logistika infrastrukturunun inkişafı, rəqəmsallaşma, aidiyyəti qurumlar arasında koordinasiyanın gücləndirilməsi və bununla əməliyyat səmərəliliyinin artırılması, eləcə də beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görülən işlərin nəticəsidir. Bununla yanaşı, qlobal ticarət marşrutlarında baş verən dəyişikliklər də Azərbaycanın tranzit potensialına tələbatın artmasına təsir göstərib. Bu istiqamətdə həyata keçirilən tədbirlər, eyni zamanda Orta Dəhliz üzrə yükdaşımaların sürətlənməsinə və marşrutun rəqabət qabiliyyətinin yüksəlməsinə töhfə verib”, - məlumatda qeyd olunur.
Bildirilir ki, son illər ərzində Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizləri üzrə tranzit imkanlarının və rəqabət qabiliyyətinin artırılması məqsədilə dəmir yolu, avtomobil, dəniz və hava nəqliyyatı infrastrukturlarının inkişafı istiqamətində bir sıra irimiqyaslı layihələr həyata keçirilib.
Bu çərçivədə Orta Dəhlizin mühüm tərkib hissəsi olan Bakı–Tbilisi–Qars (BTQ) dəmir yolu xəttinin modernləşdirilməsi həyata keçirilib və illik yükötürmə qabiliyyəti 5 milyon tona çatdırılıb. Orta Dəhlizin rəqabət qabiliyyətinin artırılmasında mühüm rol oynayan Bakı Beynəlxalq Dəniz Limanının infrastrukturu da genişləndirilib. Son illərdə limanın illik konteyner aşırma gücü 100 min TEU-dan 160 min TEU-ya çatdırılıb. Əməliyyatların koordinasiyasının təkmilləşdirilməsi nəticəsində gəmilərin emal müddəti təxminən 20 saatdan 4–5 saata endirilib.
Hazırda limanın illik yükaşırma gücü 15 milyon ton təşkil edir. Davam edən genişləndirmə layihəsi çərçivəsində bu göstəricinin 25 milyon tona, konteyner aşırma gücünün isə 500 min TEU-ya çatdırılması nəzərdə tutulur.