20 Oktyabr – Zəngilan Şəhəri Günüdür. Mübarək olsun! Gün kimi gün deyirik belə günlərə! Deyir, şəhərlər var, taleyində bütöv bir ulusun tarixini oxumaq olur; bəzən bir şəhərə qayıdış həm də tarixin yarımçıq qalmış cümləsini tamamlamaq, yaddaşın qırılmış bağlarını bərpa etmək, gələcəyin yeni səhifəsini açmaq anlamına gəlir. Bax, Zəngilan belə şəhərlərimizdəndir.
Zəngilanın qurtuluşunun 6-cı ildönümünü qeyd edərkən artıq yalnız altı il öncənin döyüş meydanına baxmırıq; biz həm də altı ilin quruculuğuna, dəyişən coğrafi-iqtisadi mənzərəyə, doğma yurda dönən insanların yaşamına və Azərbaycanın sabahına baxırıq. Azad Zəngilanın bugünkü anlamı qurtuluşun yaratdığı imkanların gerçəkliyə çevrilməsindədir.
1993-cü ilin payızında Zəngilanın yaşadığı faciə milli yaddaşımızın ən ağrılı səhifələrindəndir. Mən o vaxt tələbəydim. Tələbəlik öyrənməklə, gələcəklə, müstəqil yasamla assosiasiya olunur; biz isə müstəqil ölkəmizə ard-arda dəyən zərbələri görür, gələcəyə aydın baxışımızı itirməməyə çalışır, öyrənməyin xeyri-bərəkəti olacağına inamımızı sarsılmağa qoymurduq. Tələbə yataqxanasında telefonumuz yoxuydu, televizorumuz da yoxuydu ancaq radio dalğalarından operativ xəbərlər almağa çalışırdıq.
...Mühasirə, döyüşlər, Arazı keçərək yurdunu tərk etmək zorunda qalan insanlar, dağıdılmış evlər, susdurulmuş ocaqlar… Bunlar bütöv Azərbaycanın yaşadığı tarixi sarsıntının ifadəsi idi. Ancaq tarixin bir də ədalətə açılan üzü var. 2020-ci il oktyabrın 20-də Azərbaycan Ordusunun Zəngilan şəhərini azad etməsi həmin ədalətin hərbi-siyasi təntənəsi oldu.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Zəfər Zəngilanın da taleyini dəyişdi. Azərbaycan yalnız ərazisini qaytarmadı; öz dövlət iradəsinin, milli birliyinin və tarixi haqqının gücünü nümayiş etdirdi. O gün Zəngilanda yüksələn Azərbaycan bayrağı bir şəhərin üzərində dalğalanmaqdan daha böyük anlam daşıyırdı.
O bayraq həm də onilliklər boyunca yurd həsrəti ilə yaşamış insanların ümidinə, gələcək nəsillərin öz torpağına yiyə durmaq haqqına ucaldılmışdı. Şəhidlərimizin, qazilərimizin, şanlı ordumuzun fədakarlığı olmasaydı, bugünkü quruculuğun, qayıdışın, gələcək haqqında bu qədər inamla danışmağın da zəmini olmazdı.
Zəfər torpağı azad etdi, quruculuq isə azadlığı abadlığa götürdü. Bu gün Zəngilandakı mənzərənin başlıca fəlsəfəsi bax, budur. Bir zamanlar xarabalığa çevrilmiş yaşayış məntəqələrinin yerində yeni evlər, yollar, ictimai məkanlar, çağdaş infrastruktur yaradılır. Ağalıda gerçəkləşdirilən “ağıllı kənd” modeli texnologiyanın kənd həyatına gətirilməsi ilə yanaşı, Azərbaycan kəndinin gələcək inkişafı haqqında yeni düşüncə təqdim edir.
Zəngilan şəhərində ilk yaşayış kompleksinin istifadəyə verilməsi, ailələrin doğma yurda köçməsi, Məmmədbəyli və Ağalıda həyatın yenidən canlanması Böyük Qayıdışın artıq insanların gündəlik yaşamında da öz ifadəsini tapdığını göstərir. 2026-cı ilin Zəngilanı artıq yaşayan, nəfəs alan, öz sosial və iqtisadi münasibətlərini yenidən quran bir məkandır. Burada bir önəmli həqiqəti xüsusi vurğulamadan keçməyək: torpağa qayıtmaqla torpaqda həyat qurmaq eyni prosesin iki ayrı mərhələsidir.
Birincisi tarixi haqqın bərpasıdırsa, ikincisi həmin haqqın davamlılığının təmin edilməsidir. Əsl Böyük Qayıdış ev açarlarının yiyələrinə verilməsi ilə tamamlanmır; o, məktəb zənginin çalınması, uşaqların doğma torpaqda böyüməsi, gənclərin öz gələcəyini həmin yurdda görməsi, iş yerlərinin yaranması, mədəni həyatın canlanması, insanların öz yurduna yenidən mənəvi bağlılıq qurması ilə dərin anlam qazanır. Zəngilanın gələcəyini də məhz bu insan amili müəyyənləşdirəcək. Şəhəri insanın yaddaşı, zəhməti, düşüncəsi, ictimai münasibətləri və mədəniyyətə verdiyi dəyər yaşadır.
Elə bu məqamda 20 oktyabrın təqvimdəki başqa anlamları da düşüncəmizə qoşulur. Bu gün Azərbaycanda Energetiklər Günüdür. Zəngilanın yeni elektrik şəbəkəsi, su elektrik stansiyaları, Ağalının Günəş panelləri və “yaşıl” texnologiyaları fonunda bu uyğunluq ayrıca mənəvi dəyər qazanır. Bir vaxtlar işıqları söndürülmüş yurdun bu gün öz enerjisi, öz işığı, öz inkişaf ritmi vardır.
Enerji burada həm də milli iradənin quruculuq gücünə çevrilməsinin ifadəsidir.
20 oktyabr həm də Ümumdünya Osteoporozla Mübarizə Günüdür. Sümük toxumasının möhkəmliyini qorumağa çağıran bu gün bizə başqa bir həqiqəti də xatırladır: insanın onurğası necə sağlam olmalıdırsa, toplumun da mənəvi onurğası elə möhkəm olmalıdır.
Tarixi yaddaş, milli birlik, vətəndaş məsuliyyəti, hüquq və ədalət duyğusu həmin onurğanın görünməyən dayaqlarıdır. Məgər Zəngilanın dirçəlişi yalnız daşın, betonun möhkəmliyindədirmi? – O möhkəmlik insanın və toplumun mənəvi sağlamlığına da söykənməlidir.
20 Oktyabrı tanıyan başqa təqvim hadisələrinə keçməmişdən öncə vurğulayaq ki, Zəngilanın Azərbaycanın gələcək inkişaf xəritəsində tutduğu yer də ayrıca diqqətə layiqdir. Arazın, Həkərinin, Oxçuçayın, Bəsitçayın qovuşduğu bu coğrafiya tarixən yalnız təbii sərvətləri ilə deyil, həm də mühüm keçid məkanı olması ilə seçilib. İndi isə Zəngilan yeni yükdaşıma və iqtisadi bağla(ntıları)n perspektivli qovşağına çevrilir.
Beynəlxalq hava limanı, Horadiz–Ağbənd yönündə qurulan nəqliyyat infrastrukturu, “Dost Aqropark” və digər layihələr bu torpağın gələcək bölgəsəl roluna yeni məzmun verir.
20 oktyabrın Beynəlxalq Aviadispetçerlər Günü kimi qeyd olunması da bu mənzərədə özünəxas bir assosiasiya yaradır: dünən yolları bağlanmış, dünyadan təcrid edilmiş Zəngilan bu gün hava yolları ilə dünyaya açılır. Sanki coğrafiyanın taleyində də yeni uçuş zolağı yaranıb... Zəngəzur istiqamətində bağ(lantı)ların açılması perspektivi isə Zəngilanın önəmini daha geniş geosiyasi müstəviyə çıxarır.
Burada məsələ yolların haradan keçməsindən daha üstün, yolların hansı siyasi iradəyə, hansı iqtisadi münasibətlərə və hansı gələcək təsəvvürünə xidmət etməsidir... Azərbaycan üçün Zəngilan həm sərhəddir, həm bağlantıdır; həm milli təhlükəsizlik məkanıdır, həm də bölgə işbirliyi imkanlarının vacib ünvanıdır.
Biz artıq sərhədlərimiz içində və onların o tayına uzanan iqtisadi-mədəni əlaqələr vasitəsilə yeni imkanlar yaradan dövlətin gələcəyindən danışırıq.
Tarixi yaddaşdan söz düşmüşkən, 20 oktyabrın Güney Azərbaycanın böyük mübarizə siması Səttar xanla əlaqələndirilməsi də düşüncəmizi istər-istəməz daha geniş milli-mənəvi coğrafiyaya aparır.
Məşrutə hərəkatının öncüllərindən olan Sərdari-millinin yaşamı bizə azadlıqla ləyaqətin, hüquqla iradənin ayrılmazlığını xatırladır. Onun doğum tarixi haqqında qaynaqlarda fərqli bilgilər olsa da, bu gün həmin böyük şəxsiyyəti anmaq üçün də anlamlı fürsətdir. Tarixin ayrı-ayrı dönəmlərində yaşanmış mübarizələrin mahiyyəti fərqli olsa da, insanın azadlıq və ədalət istəyi ulusların yaddaşında ortaq mənəvi dəyər olaraq qalır.
Bütün bunlarla yanaşı, Zəngilanın özünəxas tarixi-mədəni üzünün qorunması da önəmli vəzifədir. Məmmədbəyli türbəsi, Şərifan abidələri, qədim yaşayış yerləri, dini-memarlıq irsi, Bəsitçayın təbiəti, yerli gələnəklər bu coğrafiyanın yüzillərlə formalaşmış mənəvi özkeçmişidir.
Yeni şəhər salarkən köhnə yaddaşı itirməmək, çağdaşlıq yaradarkən tarixi kimliyi yaşatmaq lazımdır; mədəniyyət həm də keçmişin gələcəkdə necə yaşayacağı haqqında düşüncədir...
20 oktyabr həm də Azərbaycan musiqisinin unudulmaz səsi Şövkət Ələkbərovanın doğum günüdür. “Axşam (Qaş qaralır)”, “Ayrılıq”, “Ağlaya-ağlaya”, “Dərələr”, “Gəl, səhərim”, “Gedək üzü küləyə”, “Oxu, gözəl”, “Neylərəm”, “Sən mənim, mən sənin”, “Səslərəm səni”, “Kəsmə şikəstə”, “Küsüb məndən”, “İnanmıram”, “Təkcə ümid qalsın”, “Tez gəl”, “Töhfə”, “Məhəbbət”, “Ola bilməz”, “Füzuli kantatası”, “Hardasan”... – Şövkət xanımın oxuduğu mahnılar Zəngilanı da, işğala uğramış, ümidimizi heç zaman üzmədiyimiz və inamın təntənəsini yaşadığımız bütün şəhərlərimizdə yaşanan “insan mənzərələri”nə xasdır...
Özəlliklə onun ifasında könüllərə yol tapmış “Dərələr” mahnısını yada salanda istər-istəməz doğma yurdun təbiəti, dağları, dərələri, insanın torpaqla mənəvi bağlılığı göz önünə gəlir. Zəngilanın dağları, dərələri, çayları da yalnız coğrafi anlayış olmaqdan çıxır; onların hər birində ulusun yaddaşı, el-obanın səsi yaşayır.
Doğma yurdun yenidən öz sakinlərinə qovuşması həm də həmin səslərin, həmin nəğmələrin öz təbii mühitinə qayıtmasıdır.
Zəngilanın yeni nəsli öz doğma yurdunun tarixini yalnız işğal və azadlıq tarixləri ilə anmamağı haqq edir; el-oba alimləri, müəllimləri, sənətkarları, folkloru, təbiəti, memarlığı və yaratdığı mənəvi dəyərlərlə də tanınmalıdır. Zəngilanın sabahı həm də öz kitabxanaları, muzeyləri, mədəniyyət ocaqları, yaradıcı insanları, ictimai təşəbbüsləri ilə zənginləşməlidir.
Bəlkə də qarşıdakı illərin ən böyük uğuru o olacaq ki, Zəngilanda doğulan uşaqlar bu şəhəri ilk növbədə ədalətli sülhün, yaradıcılığın, elmin və inkişafın məkanı kimi tanıyacaq; onlar işğalın nə olduğunu tarixdən öyrənəcək, qurtuluşun nə olduğunu isə gündəlik yaşamlarında yaşayacaq. Bu, tarixi yaddaşın ən sağlam davamıdır: faciəni unutmadan, gələcəyi faciənin əsirinə çevirməmək! Bəli, biz torpaqlarımızı işğaldan qurtarmışıq; indi həmin torpaqlarda azad, bilikli, yaradıcı, məsuliyyətli və rifahlı toplumun yaşamını daha da möhkəmləndirməliyik.
– 2026-cı ilin Zəngilan Şəhəri Günündə, əsas düşüncəmiz elə bu olmalıdır. Zəfərin əzəməti keçmişdə qalmır; o, gələcəyin keyfiyyətində davam edir. Bir vaxtlar Zəngilan adı çəkiləndə yaddaşımızda Arazı keçən insanların ağrılı taleyi canlanırdı; bu gün həmin ad doğma yurda qayıdan ailələrin sevinci, yeni evlərin işığı, yenidən qurulan yollar və sabaha açılan üfüqlərlə səsləşir...
Dünən Araz ayrılığın ağrısına şahidlik edirdi, bu gün qayıdışın sevincinə... Dünən Zəngilan haqqında danışarkən daha çox itirdiklərimizi anırdıq, bu gün qazandıqlarımızı dəyərləndirir, sabah yaradacaqlarımızı düşünürük. Həsrətin ünvana, ünvanın yurda, yurdun gələcəyə çevrilməsi! – Bax, bu, özü tarixin ən böyük dönüşü deyilmi?..
20 Oktyabr – Zəngilan Şəhəri Günümüz qutlu olsun!
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

Əkbər QOŞALI