Bu gün, 20 oktyabr 2026-cı il tarixində Bakı şəhəri 35 nömrəli tam orta ümumtəhsil məktəbində Azad Müəllimlər İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirdiyi “Təhsilverənlərin və təhsilalanların İKT-dən məqsədyönlü istifadəetmə bacarıqlarının inkişafı” layihəsinin Yekun Dəyirmi Masası təşkil olunub.
Tədbirdə layihənin rəhbəri Pərvanə Talıbova çıxış edərək layihənin məqsədləri, həyata keçirilən fəaliyyətlər və əldə olunan nəticələr barədə ətraflı məlumat verib. O, layihənin əsas məqsədinin təhsilverənlərin və təhsilalanların informasiya-kommunikasiya texnologiyalarından (İKT) istifadə bacarıqlarını inkişaf etdirmək, eləcə də müasir texnologiyaların təhsil prosesinə tətbiqi sahəsində qabaqcıl təcrübəyə malik məktəblərlə əməkdaşlıq əlaqələri qurmaq olduğunu bildirib.
Qeyd olunub ki, layihə çərçivəsində təşkil edilən altı nəzəri və praktiki təlim iştirakçıların İKT üzrə bilik və bacarıqlarının artırılmasına, müasir təhsil texnologiyalarının mənimsənilməsinə və innovativ yanaşmaların tədris prosesində tətbiqinə mühüm töhfə verib. Təlimlər nəticəsində təhsilverənlərin elektron dərslərdən, rəqəmsal qiymətləndirmə mexanizmlərindən, müasir metod və vasitələrdən daha səmərəli istifadə imkanları genişlənib.
Layihənin təhsilalanlar üçün də əhəmiyyəti vurğulanıb. Bildirilib ki, şagirdlərin interaktiv lövhə, planşet və mobil telefon kimi texnoloji vasitələrdən məqsədyönlü istifadəsi, müstəqil öyrənmə bacarıqlarının inkişaf etdirilməsi və təhsil prosesində rəqəmsal imkanlardan səmərəli yararlanması layihənin əsas nəticələrindəndir.
Layihə çərçivəsində keçirilmiş təlimlər və onların nəticələri barədə tədbir iştirakçılarına layihənin təlimçisi, beynəlxalq təhsil proqramlarının iştirakçısı, Azad Müəllimlər İctimai Birliyinin təlimçilərindən biri, Azərbaycan Respublikasının Təhsil İnstitutunun aparıcı metodisti Nüşabə Mehtiyeva məlumat verib. O, təlimlərin nəzəri və praktiki istiqamətləri, iştirakçıların qazandıqları bilik və bacarıqlar, eləcə də bu bacarıqların gündəlik tədris prosesində tətbiqinin əhəmiyyəti haqqında danışıb.
Yekun Dəyirmi Masa iştirakçıları layihənin nəticələrini yüksək qiymətləndirərək onun müəllimlərin peşəkar inkişafına, şagirdlərin rəqəmsal savadlılığının artırılmasına və təhsildə innovativ yanaşmaların genişləndirilməsinə verdiyi töhfəni qeyd ediblər.
Tədbir çərçivəsində çıxışlar ətrafında müzakirələr aparılıb, gələcək fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı təkliflər səsləndirilib. Sonda təlim iştirakçılarına sertifikatlar təqdim olunub.
Layihənin uğurla yekunlaşması müasir informasiya-kommunikasiya texnologiyalarının təhsil prosesində səmərəli tətbiqinin təşviqi və təhsildə rəqəmsal bacarıqların inkişafı istiqamətində mühüm addım kimi qiymətləndirilib.