“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Prezidenti İlham Əliyevə telefon zəngi iki qardaş ölkə arasında mövcud olan möhkəm dostluğun, qarşılıqlı etimadın və strateji tərəfdaşlığın növbəti təzahürüdür”.
Bunu Herbiand.az-a açıqlamasında Sosial Hüquqların Müdafiəsi Mərkəzi İctimai Birliyinin sədri Xəzər Teyyublu deyib.
Onun sözlərinə görə, bu münasibətlər təkcə dövlət başçılarının siyasi dialoquna deyil, ortaq tarixə, milli-mənəvi dəyərlərə və xalqlarımızın sarsılmaz qardaşlığına söykənir: “Türkiyə ilə Azərbaycan tarix boyu çətin məqamlarda bir-birinə dəstək olub, qarşılıqlı yardımlaşma ənənələrini qoruyub saxlayıblar.
Bu gün də iki ölkə arasındakı münasibətlər regionda sabitliyin, təhlükəsizliyin və əməkdaşlığın mühüm amillərindən biridir. Türkiyə-Azərbaycan qardaşlığı əbədidir. Bu birliyi zəiflətməyə, dövlətlərimiz arasında narazılıq yaratmağa çalışan qüvvələr sevinməsinlər.
Xalqlarımızın dostluğu ayrı-ayrı siyasi proseslərdən və müvəqqəti çətinliklərdən daha güclüdür. İnanırıq ki, hər şey yaxşı olacaq və qardaşlıq münasibətlərimiz bundan sonra da inkişaf edəcək”.
İctimai Birlik sədrinin fikrincə, Azərbaycan və Türkiyə qardaş ölkələr olsalar da, hər biri müstəqil dövlət kimi öz coğrafi, siyasi və iqtisadi reallıqlarına, milli maraqlarına malikdir. “Qardaşlıq münasibətləri dövlətlərin suverenliyinə, müstəqil qərarlarına və qarşılıqlı maraqlarına hörmət əsasında daha da möhkəmlənməlidir. İki qardaş dövlətin hər birinin özünəməxsus geosiyasi mövqeyi və prioritetləri var və bu, münasibətlərin təbii xüsusiyyətidir.
Əsas məsələ fikir ayrılıqlarının qarşılıqlı hörmət və dialoq yolu ilə həll edilməsi, ortaq maraqların qorunmasıdır. Azərbaycanın təxminən iki əsr ərzində formalaşmış dünyəvi dövlətçilik və düşüncə ənənələri cəmiyyətimizin mühüm dəyərlərindəndir.
Azərbaycanın dünyəvi inkişaf modelinə, milli suverenliyinə və konstitusion prinsiplərinə təhlükə yarada biləcək istənilən yanaşmaya qarşı prinsipial mövqe nümayiş etdirilməlidir”-deyə, o, bildirib.
X.Teyyublunun sözlərinə görə, Azərbaycan vətəndaşları Türkiyə ilə qardaşlığımızın daha da güclənməsinin tərəfdarıdır. “Eyni zamanda, Azərbaycanın müstəqilliyinin, dünyəvi dövlətçilik ənənələrinin və milli maraqlarının qorunmasını vacib hesab edirik.
Əsl qardaşlıq bir-birinin müstəqilliyinə hörmət etmək, fərqli mövqeləri anlamaq və ortaq gələcək naminə əməkdaşlıq qurmaqdır”, – deyə Xəzər Teyyublu vurğulayıb.
Aydın