“Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin mətbuat xidməti bildirir ki, Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalan igid oğullarımızdan biri də Quliyev Kənan Vaqif oğludur.
Qubadlı şəhərinin azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Kənan Quliyevin anım günündə əziz xatirəsi dərin ehtiramla yad edilib.
Anım mərasimində Culfa Rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadə, Ali Məclisin deputatları, icra hakimiyyətinin əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların nümayəndələri, ictimaiyyət təmsilçiləri və şəhid ailələri iştirak ediblər.
Mərasim iştirakçıları şəhidin məzarını ziyarət edib, önünə gül dəstələri qoyaraq onun əziz xatirəsini ehtiramla yad ediblər.
Vətən uğrunda göstərdiyi igidlik və fədakarlıqla xalqımızın qəhrəmanlıq salnaməsində özünəməxsus yer tutan Kənan Quliyev ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Hərbi xidmətlərə görə”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.
Şəhidlərimizin əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaq, onların Vətən sevgisi və qəhrəmanlığı gələcək nəsillərə örnək olacaq.
Bəxtiyar Əliyev