Azərbaycan Ermənistanla nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası istiqamətində üzərinə götürdüyü öhdəlikləri böyük ölçüdə icra edib və hazırda prosesin növbəti mərhələsi Ermənistan tərəfinin atacağı addımlardan asılıdır.
Bunu xarici işlər naziri Ceyhun Bayramov İsveçrə Konfederasiyasının xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri İqnatsio Kassis ilə keçirdiyi birgə mətbuat konfransında bildirib.
Nazirin sözlərinə görə, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması istiqamətində müsbət dinamika müşahidə olunur və Vaşinqtonda keçirilmiş sülh sammitində müzakirə edilən TRİPP layihəsi də bu prosesin mühüm elementlərindən biridir.
Ceyhun Bayramov qeyd edib ki, tərəflər arasında nəqliyyat-kommunikasiya xətlərinin açılması ilə bağlı hazırlıq işləri davam etdirilir. Onun sözlərinə görə, hazırlıq mərhələsi başa çatdıqdan sonra Ermənistan ərazisində tikinti işlərinə start verilməsi gözlənilir.
“Azərbaycan öz üzərinə düşən işlərin böyük hissəsini artıq tamamlayıb. Hazırda Ermənistan tərəfində həyata keçirilməli olan mühüm infrastruktur layihələri mövcuddur”, – deyə nazir vurğulayıb.
XİN rəhbəri bildirib ki, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat bağlantısının bərpası təkcə iki bölgə arasında əlaqəni təmin etməyəcək, həm də regionun iqtisadi inteqrasiyasını sürətləndirəcək.
Onun sözlərinə görə, yeni nəqliyyat marşrutlarının istifadəyə verilməsi Azərbaycan və Ermənistanla yanaşı, Cənubi Qafqaz və daha geniş region üçün ticarət, logistika və investisiya imkanlarını artıracaq.
Nazir əlavə edib ki, artıq Azərbaycandan Ermənistana neft məhsullarının daşınması həyata keçirilir və gələcəkdə iqtisadi əməkdaşlığın daha da genişlənməsi üçün real perspektivlər mövcuddur.
“Hazırkı mərhələdə enerji məhsullarının daşınması həyata keçirilir. Növbəti mərhələdə isə qarşılıqlı ticarət dövriyyəsinin genişlənəcəyinə ümid edirik”, – deyə Ceyhun Bayramov bildirib.
Nazirin fikrincə, nəqliyyat-kommunikasiya layihələrinin reallaşması regionda uzunmüddətli sabitliyin möhkəmlənməsinə, iqtisadi əlaqələrin dərinləşməsinə və qarşılıqlı etimadın güclənməsinə mühüm töhfə verə bilər.