Advertisment

Hollandiya-Almaniya sərhədində meşə yanğını davam edir

Hollandiyanın Almaniya ilə sərhədində baş vermiş meşə yanğını hələ də tam nəzarət altına alınmayıb.

AFP agentliyinin Limburq əyalətinin yerli hakimiyyət orqanlarına istinadən yaydığı məlumata görə, avqustun 3-də başlayan yanğın 24 saatdan artıq vaxt keçməsinə baxmayaraq söndürülməyib.

Yanğın Almaniya sərhədinə yaxın, Oostrum kəndi ətrafındakı təbiət qoruğunda yayılaraq artıq təxminən 100 hektar ərazini əhatə edib. Müqayisə üçün qeyd olunur ki, bazar ertəsi axşam saatlarında alov cəmi 21 hektar sahəni əhatə edirdi.

Hollandiyanın ANP xəbər agentliyinə danışan rəsmi şəxs bildirib ki, küləyin istiqamətinin tez-tez dəyişməsi alovun yayılmasını sürətləndirir və yanğının lokallaşdırılmasını çətinləşdirir.

Məlumata görə, yanğının söndürülməsinə gecə saatlarında 300-ə yaxın xilasedici cəlb olunub. Təhlükəsizlik məqsədilə yaxınlıqdakı düşərgə boşaldılıb, həmçinin ərazidən keçən dəmir yolu xəttində hərəkət müvəqqəti dayandırılıb.

Der Spiegel jurnalının məlumatına əsasən, güclü külək nəticəsində yaranan tüstü Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətində, sərhədə yaxın yerləşən Kleve şəhərinə qədər yayılıb.

Yanğının başvermə səbəbi hələlik açıqlanmayıb, ərazidə yanğınsöndürmə işləri davam etdirilir.