Azərbaycanlı həmkarımla dünyada baş verən bir sıra hadisələri, o cümlədən Yaxın Şərqdəki vəziyyəti və Rusiyanın Ukraynaya qarşı müharibəsini müzakirə etdik.
İsveçrə Konfederasiyasının federal xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri İqnatsio Kassis Bakıda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə birgə mətbuat konfransında deyib.
İqnatsio Kassis bildirib ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi Avropa təhlükəsizliyi üçün ən böyük çağırış olaraq qalmaqda davam edir.
“ATƏT bu məsələyə əhəmiyyət verməkdədir. Xüsusilə ATƏT-in fəaliyyətdə olan sədri kimi bu məsələni məni narahat edir. Burada həqiqi dialoq lazımdır. Tərəflər və digərləri bir araya gəlib danışıq aparmaq üçün yol tapmalıdır. ATƏT-in məqsədi məhz bundan ibarətdir”, - ATƏT sədri vurğulayıb.
O, həmçinin qeyd edib ki, görüşdə Avropa təhlükəsizliyi üçün ən ciddi çağırışı da müzakirə ediblər:
"ATƏT-in fəaliyyətdə olan sədri kimi bizim əsas məqsədimiz dialoqu, həm də real dialoqu qorumaqdır. Bu o deməkdir ki, fərqli mövqelərə malik tərəflər – Rusiya, Belarus və digər iştirakçılar bir masa arxasında əyləşərək danışmağın yolunu tapmalıdırlar. ATƏT-in missiyası məhz budur – tərəfləri danışdırmaq və onların bir-birini anlamasına şərait yaratmaqdır”.
İsveçrəli nazir vurğulayıb ki, təşkilat ədalətli və uzunmüddətli sülhə nail olunmasına töhfə verməyə hazır olmalıdır.
“Biz ədalətli və davamlı sülhə töhfə verməliyik. Atəşkəs əldə olunacağı təqdirdə ATƏT prosesə qoşulmağa hazır olmalıdır. Bunun üçün üzv dövlətlərin dəstəyi vacibdir. Sonradan isə sübut etməliyik ki, bu təşkilat bu gün də zəruridir. Azərbaycanın tərəfdaşlığını yüksək qiymətləndiririk və qarşılıqlı maraq doğuran bütün sahələrdə əməkdaşlığımızı davam etdirməyi və daha da gücləndirməyi səbirsizliklə gözləyirik”, – deyə İqnasio Kassis qeyd edib.