Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq prokurorluq orqanları tərəfindən vətəndaşların qəbulu daim diqqətdə saxlanılmaqla onların ərizə və şikayətlərinin yerində dinlənilərək həll olunması üçün müvafiq tədbirlər görülür.
Baş Prokurorluğun mətbuat xidmətindən Herbiand.az-a verilən məlumata görə, avqustun 4-də Baş prokuror Kamran Əliyev Bakı şəhəri Nəsimi rayon prokurorluğunun inzibati binasında Nəsimi rayonundan olan vətəndaşlarla görüşüb.
Baş prokuror qəbuldan əvvəl Ümummilli Lider Heydər Əliyevin Nəsimi rayonu ərazisində yerləşən abidəsini ziyarət edərək dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla yad edib.
Görüşdə iştirak edən vətəndaşların müraciətində konkret cinayət işlərinin istintaqı, törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları və məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsinə dair məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib.