Ermənistanın Baş naziri Nikol Paşinyan yeni Konstitusiyanın qəbul edilməsinin ölkənin əsas siyasi gündəliyində olduğunu bildirib.
Paşinyan bu barədə avqustun 24-də Milli Assambleyada hökumətin qarşıdakı beş il üçün proqramını təqdim edərkən danışıb. Onun sözlərinə görə, Ermənistan vətəndaşları son parlament seçkilərində hakim “Vətəndaş Müqaviləsi” partiyasına səs verməklə yeni Konstitusiya məsələsini də dəstəkləyiblər.
Baş nazir qeyd edib ki, Azərbaycanın Ermənistanın konstitusiya islahatları məsələsini gündəmə gətirməsi də faktdır. Lakin onun sözlərinə görə, bu, yeni Konstitusiyanın Azərbaycanın gündəliyi olduğu anlamına gəlmir.
Paşinyan müxalifətin bu məsələyə yanaşmasını tənqid edərək bildirib ki, eyni məntiqlə Ermənistanın əvvəlki hakimiyyətlərinin Azərbaycanla Qarabağ münaqişəsinin həlli üzrə apardığı danışıqları da Azərbaycanın gündəliyinə uyğun fəaliyyət kimi qiymətləndirmək olar.
Baş nazir yeni Konstitusiyanın mətninin yaxın aylarda ictimaiyyətə təqdim ediləcəyini açıqlayıb. O vurğulayıb ki, yeni sənəddə 1990-cı il Müstəqillik Bəyannaməsinə istinad edilməməlidir.
Paşinyanın sözlərinə görə, belə istinad Ermənistanı Qarabağ münaqişəsi məntiqinə qaytara və “Qarabağ hərəkatının davam etdirilməsi” kimi qiymətləndirilə bilər. O bildirib ki, Ermənistan artıq bu kursdan imtina edib və xalq da son seçkilərdə sülh gündəliyinə səs verib.
Baş nazir vurğulayıb ki, Azərbaycanla əldə olunan sülhün qorunması, möhkəmləndirilməsi və institusional əsaslarının yaradılması Ermənistan hökumətinin əsas prioritetlərindən biridir.