Norveç Avropa İttifaqının (Aİ) Arktikadan karbohidrogen tədarükünə qoyduğu qadağaya baxmayaraq, Barens dənizində neft və qaz ehtiyatlarının işlənməsini davam etdirəcək. Skandinaviya ölkəsi özünü artıq Avropanın “yaşıl batareyası” hesab etmir.
Herbiand.az xəbər verir ki, bunu Norveçin energetika naziri Terye Aasland “Reuters” agentliyinə bildirib.
2022-ci ildə Rusiya-Ukrayna müharibəsi başlayandan sonra Norveç Avropanın ən böyük təbii qaz tədarükçüsünə çevrilib. Ölkə həm Avropa İttifaqının, həm də Böyük Britaniyanın qaz tələbatının təxminən 30 faizini ödəyir.
Ötən il Norveçdə qaz hasilatı rekord göstəriciyə yaxınlaşıb, neft istehsalı isə 2009-cu ildən bəri ən yüksək səviyyəyə çatıb.
Lakin “Reuters” yazır ki, rəsmi proqnozlara əsasən, yeni ehtiyatlar aşkar edilərək işlənməsə, 2030-cu ildən sonra hasilat kəskin şəkildə azalacaq.
“Mövcud geosiyasi vəziyyəti və təhlükəsizlik şəraitini, həmçinin ehtiyatlarla bağlı vəziyyəti nəzərə alaraq, hesab edirəm ki, Barens dənizində fəaliyyətin davam etdirilməsi həm Norveçin, həm də Avropanın maraqlarına cavab verir”, - deyə Terye Aasland Norveçin Stavanger şəhərində keçirilən ikiillik “ONS” enerji konfransı çərçivəsində bildirib.
Hazırda Avropa İttifaqı ekoloji səbəblərdən Arktikada yeni qazma işlərinin aparılmasının qadağan edilməsini dəstəkləyir. Lakin enerji təhlükəsizliyi ilə bağlı narahatlıqlar fonunda Aİ öz siyasətinə yenidən baxmaq imkanını nəzərdən keçirir.
Nazirin sözlərinə görə, Norveç ən azı 2035-ci ilə qədər neft hasilatını və ixracını təxminən hazırkı səviyyədə saxlamağa çalışır. Bu baxımdan Barens dənizində hasilat xüsusi əhəmiyyət daşıyır.
Norveç tərəfi iddia edir ki, neft hasilatı üçün açıq olan Barens dənizinin əraziləri Şimal dənizi kimi buzdan azaddır. Buna görə də həmin ərazilər neft sızmaları və ətraf mühitə digər mənfi təsirlərə daha az məruz qalır. Bundan başqa, bu fəaliyyət ölkənin Rusiya ilə həmsərhəd olan şimal bölgələrində iş yerlərinin və əhalinin qorunmasına da kömək edir.
Ölkə neft və qazla yanaşı, geniş su anbarları və su yollarından istifadə edən hidroelektrik stansiyalar şəbəkəsi hesabına hər il artıq miqdarda bərpaolunan enerji istehsal edir. Norveç bu enerjini sərhədlərarası elektrik kabelləri vasitəsilə Avropaya ixrac edir.
Norveç əvvəllər özünü Avropanın “yaşıl batareyası” kimi təqdim edirdi. Lakin nazir bildirir ki, bu yanaşma artıq köhnəlib. Çünki Norveç Avropanın enerji bazarını təkbaşına balanslaşdıra bilməz.