Tut ağaclarının qənimi olan, yarpaqlarını ağ torla örtən Amerika ağ kəpənəyi ilə bağlı narahatlıq davam edir.
Paytaxtın müxtəlif ərazilərində müşahidə olunan zərərverici Amerika ağ kəpənəyi bir sıra meyvə və dekorativ bitkilərə ciddi ziyan vurur. Yay aylarında onların sayının artması yaşıllıqların vəziyyəti ilə bağlı narahatlığı artırır. Bakıda niyə geniş yayılan bu həşərat haqqında nə bilirik? Biologiya üzrə fəlsəfə doktoru, dosent Murad Musayev Herbiand.az-a açıqlamasında bildirib ki, elmi adı Hyphantria cunea olan
Amerika ağ kəpənəyi bir sıra Asiya və Avropa ölıkələrində də narahatlıq yaradıb: “Şimali Amerika mənşəli bu həşərat, xüsusilə onun tırtılları ağacların yarpaqları ilə qidalanır, qısa müddətdə geniş sahələrdə ciddi ziyan vurur. Zərərverici alma, gavalı, tut, qoz və digər meyvə ağacları ilə yanaşı, bir çox dekorativ və meşə ağaclarına da hücum edir.
Tırtıllar ağacların budaqları üzərində yuvalar qurur və həmin yuvalarda qrup halında inkişaf edirlər. Azərbaycanda isə əsasən tut ağaclarında görünür. Amerika ağ kəpənəyi Avropada ilk dəfə 1940-cı illərdə qeydə alındıqdan sonra sürətlə yayılmağa başlayıb.
Sonrakı mərhələdə zərərverici Avropadan Qafqaza və Xəzər hövzəsinə yayılıb. Böyük ehtimalla, zərərverici bitki materialları, tinglər və digər yük daşımaları vasitəsilə yayılıb. Bu kəpənək transsərhəd çayları vasitəsilə də yayıla bilir”.
Bioloq alim deyib ki, zərərverici ilə mübarizə səmərəli təşkil edilməli, yayılmasının qarşısı alınmalıdır.
“Zərərverici erkən aşkarlanmalı, tor yuvalarının hələ kiçik olduğu mərhələdə budaqlardan mexaniki şəkildə kəsilib məhv edilməlidir.
Ağaclar mütəmadi yoxlanılmalı, zərərvericinin ilk ocaqları vaxtında müəyyənləşdirilməlidir. Kimyəvi mübarizə isə yalnız müvafiq mütəxəssislərin tövsiyəsi və təsdiqlənmiş preparatlarla həyata keçirilməlidir”.