ABŞ ordusunun keçmiş əsgəri Ruoyu Duan ABŞ milli müdafiəsi ilə bağlı məlumatların qanunsuz əldə edilməsi və ötürülməsi sxemində iştirak etməkdə günahını etiraf edib.
Herbiand.az bildirir ki, Oreqon ştatının Hillsboro şəhərinin 41 yaşlı sakini 16 sentyabr 2026-cı ildə etiraf müqaviləsi imzalayıb.
Duan 2013-cü ildən 2017-ci ilə qədər ABŞ ordusunda xidmət edib və məxfi hərbi məlumatların işlənməsi üzrə təlim keçib. ABŞ Ədliyyə Nazirliyinin məlumatına görə, o, daha sonra 2021-ci ilin noyabrından 2025-ci ilin martına qədər fəaliyyət göstərən sxemdə vasitəçi olub.
Müstəntiqlər iddia edirlər ki, o, alıcıları maraqlandıran materiallar və avadanlıqlar əldə etmək üçün ABŞ-ın aktiv hərbi qulluqçularına pul ödəyib. Beləliklə, toplanan məlumatlar daha sonra Çindəki şəxslərə ötürülüb. Xüsusilə, sözügedən məlumatlar Bradley və Stryker döyüş maşınları, HIMARS artilleriya sistemi, eləcə də texniki təlimatlar, kəşfiyyat hesabatları, təlim materialları və kompüter avadanlığı ilə bağlı olub.
İş materiallarına görə, bu fəaliyyətin maliyyələşdirilməsi üçün vəsait Çin hesablarından daxil olub. 2021-2023-cü illər arasında Duanla əlaqəli hesablara təxminən 38.500 dollar, 2023-2024-cü illər arasında isə daha 15.000 dollar köçürülüb. Prokurorlar iddia ediblər ki, o, vəsaiti sxemin digər iştirakçıları arasında bölüşdürüb.
Duanı indi 10 ilə qədər həbs cəzası və 250.000 dollara qədər cərimə gözləyir. O, həmçinin, azadlığa buraxıldıqdan sonra 3 il nəzarət altında qala bilər.
Hökmün oxunması dekabrın 10-na təyin edilib.
Bəxtiyar CƏFƏRLİ