Bu gün Bakının bir sıra məktəblərində vahid geyim forması ilə bağlı narazılıq zəminində təxribat xarakterli hadisələr də baş verib. Yasamal rayonunda yerləşən orta məktəblərdən birində yanğın törətməyə cəhd göstərilib. Bundan başqa Qaradağ rayonunda isə orta məktəb direktorlarından birinə məxsus avtomobil yandırılıb.
“Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli Herbiand.az-a açıqlamasında bildirib ki, hadisələr zamanı yaxınlıqda uşaqların da olması vəziyyətin nə qədər təhlükəli olduğunu göstərir.

Onun sözlərinə görə, hadisələrin arxasındakı əl özünü göstərməkdədir:
“Yad ideoloji və dini cərəyanların Azərbaycanın dünyəvi dövlət modelinə, milli-mənəvi dəyərlərinə və təhsil siyasətinə törətdiyi təhlükə göz qabağındadır. İranın təxribat yuvası- Əli Əkbər Ocaqnejadın rəhbərlik etdiyi İran Mədəniyyət Mərkəzi Bakıda 30 il apardığı iş boşuna deyildi ki. O qurumun məqsədi xomeyniçiliyi Azərbaycana ixrac etmək, 150 illik dünyəvi təshil ənənəsi olan ölkəmizi orta əsr qaranlığına yuvarlamaq idi.
Onlar hər yerə: məktəblərə, ali təhsil ocaqlarına, elmi tədqiqat institutlarına sızmışdılar. Xeyli meyxanaçı, rövzəxan yetişdirmişdilər. Bir neçə il bundan öncə Gəncədə və Nardaranda törədilən təxribatın qarşçısı alındı, xeyli casus həbs edildi. Amma İranın ideoloji təxribatları dayanmadı.
Onlar səssiz çalışır, “yumşaq güc”dən istifadə etməyə fürsət axtarırdılar. Hicab məsələsi xomeyniçi düşərgənin “yumşaq gücü” kimi son kartı idi. Bu gün bu kartı da istifadə etdilər. Bu gün baş verən hadisələr 2004-cü ildə Rusiyanın Beslan şəhərində yaşanan məktəb faciəsini xatırladır. Həmin faciədə dini fanatiklər məktəbi terror hədəfinə çevirmiş, günahsız uşaqların və müəllimlərin həyatını təhlükəyə atmışdılar.
Təbii ki, bu hadisələri miqyas və nəticə baxımından eyniləşdirmək olmaz. Lakin uşaqların təhsil aldığı məkanda qorxu yaratmaq, onların həyatını təhlükə altına atmaq və ictimai sabitliyi pozmaq baxımından təhlükəli yanaşmalar arasında paralellər aparmaq mümkündür”.
QHT sədri deyib ki, bu gün baş verən hadisələr məktəblərdə təhlükəsizlik məsələsini bir daha gündəmə gətirir:
“Mövcud şəraitdə qanunun aliliyinin qorunması, dünyəvi dövlət prinsiplərinə riayət olunması və təhsil müəssisələrində sabitliyin təmin edilməsi xüsusi əhəmiyyət kəsb edir. Hər bir vətəndaşın dövlətin dünyəvi prinsiplərinə və hüquq normalarına hörmətlə yanaşması mütləqdir. İctimai asayişin pozulması və qanunsuz əməllər davam edəcəyi təqdirdə, Daxili İşlər Nazirliyinin qanunvericilik çərçivəsində adekvat tədbirlər görməsi gündəmə gələ bilər.
Xoşbəxtlikdən bu gün baş verən hadisələrdə xəsarət alan olmayıb. Baş verənlər məktəblərdə təhlükəsizliyin təmin olunması və təhsil müəssisələrində mümkün təxribatların qarşısının alınması məsələsini yenidən gündəmə gətirir. Hər hansı narazılığın ifadəsi zorakılıq və təhlükəli əməllərlə müşayiət olunmamalıdır. Eyni zamanda, hadisələrin səbəbləri, iştirakçıların məqsədləri və mümkün təhrik amilləri hüquq-mühafizə orqanları tərəfindən obyektiv araşdırılmalıdır. Əgər təxribatların təşkilində və ya törədilməsində qanun pozuntuları müəyyən edilərsə, təqsirli şəxslər qanunvericiliyə uyğun məsuliyyətə cəlb olunmalıdır”.
Yunis
Herbiand.az