Advertisment

Culfada şəhid leytenant Nicat Məmmədlinin anım mərasimi keçirilib

​Vətən müharibəsi şəhidi leytenant Nicat Məmmədlinin şəhadətinin ildönümü münasibətilə anım mərasimi keçirilib.

Şəhidimizin xatirəsinə həsr olunmuş tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları, Culfa Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Culfa Rayon Təşkilatının, hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin əməkdaşları, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mərasim iştirakçıları şəhidin əziz xatirəsini ehtiramla yad edib, onun keçdiyi şərəfli döyüş yolundan və göstərdiyi şücaətdən bəhs ediblər.

​2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunması uğrunda göstərdiyi igidliyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamlarına əsasən “Vətən uğrunda”, "Suqovuşanın azad olunmasına görə", "Cəsur döyüşçü" medalları və 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edilən Məmmədli Nicat Rizvan oğlu 2020-ci il oktyabrın 8-də Suqovuşan istiqamətində gedən ağır döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalmışdır.

Bəxtiyar ƏLİYEV
"Naxçıvan Şəhid Ailələri" İctimai Birliyinin Mətbuat katibi