Tatarıstan hava hədəflərini müstəqil şəkildə aşkarlaya və hədəf ala bilən yeni anti-dron sisteminin sınaqlarına başlayıb. Sistemi “Arkodim” şirkəti hazırlayır.
Herbiand.az xəbər verir ki, bu barədə Pilotsuz Sistemlər və Texnologiyalar Mərkəzindən bildirilib.
Qeyd olunub ki, hazırlanan kiçik hava hücumundan müdafiə sistemi vacib obyektləri qorumaq üçün nəzərdə tutulub. Ehtimal olunur ki, düşmənin dronlarının məhv edilmə ehtimalı 90%-i keçəcək.
Sistemin əsas komponentlərindən biri pulemyotlu avtomatlaşdırılmış qüllə olacaq. Xüsusi proqram dronun hərəkətini izləyəcək və uçan hədəfi vurmaq üçün atəş açılacaq nöqtəni müəyyən edəcək. Bu prinsip sabit qanadlı PUA-ların bir kilometrə qədər məsafədə məhv edilməsinə imkan verəcək. Bir dronu məhv etmək üçün 30-50 atəş tələb olunacaq.
Lakin, yeni sistemin imkanları yalnız pulemyot silahlanması ilə məhdudlaşmayacaq. Sistem yaxınlaşan dronları proaktiv şəkildə aşkarlaya və onları minimal səylə məhv etmək üçün ən uyğun metodu seçə biləcək. Demək olar ki, bütün döyüş əməliyyatlarının avtomatlaşdırılması planlaşdırılır. Operator yalnız aşkar edilmiş hədəfi məhv etmək barədə son qərarı özündə saxlayacaq.
“Arkodim” mütəxəssisləri hazırda gələcək sistemin ayrı-ayrı komponentlərini sınaqdan keçirirlər. Bütün komponentlər inteqrasiya edildikdən sonra, sistemin vacib infrastrukturu dron hücumlarından qorumaq üçün istifadə edilməsi nəzərdə tutulur.
Bəxtiyar CƏFƏRLİ