Advertisment

Qubadlı şəhərinin işğaldan azad olunmasından 6 il ötür

Qubadlı şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

Bu gün Qubadlı şəhərinin Ermənistanın işğalından azad olunmasının altıncı ildönümüdür.

Herbiand.az xəbər verir ki, 2020-ci il oktyabrın 25-də Azərbaycan Ordusu Qubadlı şəhərini işğaldan azad edib. Bununla da şəhərdə Azərbaycanın üçrəngli bayrağı 30 ilə yaxın davam edən işğaldan sonra yenidən dalğalanıb.

Həmin gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarının bir sıra kəndlərinin, eləcə də Qubadlı şəhərinin azad edildiyini elan edib.

Qubadlı rayonunun azadlığı uğrunda döyüşlərdə iştirak edən və şəxsi igidlik nümayiş etdirən 5 min 867 hərbi qulluqçu “Qubadlının azad olunmasına görə” medalı ilə təltif olunub.

Qeyd edək ki, Qubadlı rayonu 1933-cü ildə yaradılıb. 1963-cü ildə ləğv edilərək Zəngilan rayonuna birləşdirilsə də, 1964-cü ildə yenidən müstəqil rayon statusu alıb. Rayon 1993-cü il avqustun 31-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. İnzibati ərazi bölgüsünə bir şəhər və 93 kənd daxildir.

Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı sərəncama əsasən, hər il oktyabrın 25-i Azərbaycanda Qubadlı Şəhəri Günü kimi qeyd olunur.