Advertisment

İsraildə seçkilər başa çatıb: Netanyahunun bloku üstünlüyü ələ alıb-YENİLƏNİB

İsraildə keçirilən parlament seçkilərində səslərin hesablanması davam etdikcə Baş nazir Benyamin Netanyahunun rəhbərlik etdiyi blokun mandat sayı artır.

Herbiand.az xəbər verir ki, İsrail Mərkəzi Seçki Komissiyasının açıqladığı ilkin nəticələrə görə, seçki qutularının 32,5 faizindəki səslər hesablanıb.

Hazırkı nəticələrə əsasən, Netanyahunu dəstəkləyən partiyalar bloku 120 yerlik Knessetdə 59, ona qarşı çıxan müxalifət bloku isə 46 mandat əldə edir.

Qeyd olunur ki, səslərin hesablanmasının əvvəlki mərhələsində Netanyahunun blokuna parlamentdə çoxluq qazandıran nəticələr qeydə alınmışdı. Lakin sonrakı hesablamalar mandat bölgüsünü dəyişib.

Baş nazir yenilənmiş nəticələrdən sonra tərəfdarları ilə birlikdə seçkiləri qeyd etsə də, hələlik qələbəsini elan etməyib.

Məlumata görə, hazırda üç siyasi qüvvə parlamentə düşmək üçün tələb olunan 3,25 faizlik seçki baryerini keçə bilmir. Belə ki, “Reservists” partiyası 2,7 faiz, “People of Israel” 1,8 faiz, “Charedi Public” isə 0,3 faiz səs toplayıb.

Bununla belə, açıqlanan göstəricilər yekun nəticələr deyil və səslərin hesablanması davam etdikcə dəyişə bilər.

Xüsusilə hərbi qulluqçuların səsləri də daxil olmaqla, ikiqat zərflərdə verilmiş bülletenlər daha sonra hesablanacaq.

Xatırladaq ki, İsraildə hökuməti formalaşdırmaq üçün 120 yerlik Knessetdə ən azı 61 deputatın dəstəyi tələb olunur.

***
05:25

İsraildə oktyabrın 27-də keçirilən parlament seçkilərində son 27 ilin ən yüksək seçici fəallığı qeydə alınsa da, ilkin nəticələr heç bir siyasi blokun hökuməti formalaşdırmaq üçün kifayət qədər mandat qazana bilmədiyini göstərir.

CNN və İsrailin 12-ci televiziya kanalının məlumatına görə, 26-cı çağırış Knessetə seçkilərdə yekun seçici fəallığı 77,7 faiz təşkil edib. Bu, 1999-cu ildən bəri qeydə alınan ən yüksək göstəricidir.

Müqayisə üçün, 2022-ci ilin noyabrında keçirilən əvvəlki parlament seçkilərində seçici fəallığı 70,63 faiz olmuşdu.

İsrailin 12-ci televiziya kanalının son ekzitpol nəticələrinə əsasən, Baş nazir Benyamin Netanyahunun rəhbərlik etdiyi sağçı blok 120 yerlik Knessetdə 52 mandat əldə edə bilər. Bu isə əvvəlki parlamentdə malik olduğu 68 mandatla müqayisədə 16 yer azdır.

Netanyahunun əsas rəqibi, Silahlı Qüvvələrin Baş Qərargahının sabiq rəisi Qadi Ayzenkotun rəhbərlik etdiyi müxalifət blokunun isə 49 mandat qazanacağı proqnozlaşdırılır.

Bununla yanaşı, ekzitpolun nəticələri ərəb partiyalarının parlamentdə rekord səviyyədə təmsil oluna biləcəyini göstərir.

Netanyahu ilkin nəticələrə münasibət bildirərək sağçı blokun yəhudi seçicilər arasında həlledici çoxluğun dəstəyini qazandığını iddia edib.

Baş nazir ərəb partiyalarını İsrailin məhv edilməsini dəstəkləməkdə ittiham edib. O, həmin partiyalarla koalisiya qurmaq imkanını rədd edib.

Qeyd edək ki, İsraildə hökumətin formalaşdırılması üçün 120 yerlik Knessetdə ən azı 61 deputatın dəstəyi tələb olunur. İlkin nəticələrə əsasən, nə Netanyahunun, nə də Ayzenkotun rəhbərlik etdiyi blok bu çoxluğa malikdir.

Seçkilərin yekun nəticələrinin növbəti 48 saat ərzində açıqlanacağı gözlənilir. Bununla belə, hökumətin formalaşdırılması ilə bağlı danışıqların günlərlə, hətta həftələrlə davam edə biləcəyi bildirilir.

CNN-in məlumatına görə, yaranmış vəziyyətdə azlıq hökumətinin və ya milli birlik hökumətinin qurulması, siyasi dalanın davam etməsi, hətta yeni parlament seçkilərinin keçirilməsi mümkün ssenarilər arasındadır.


***
00:22

İsraildə keçirilən parlament seçkilərinin ilkin nəticələrinə əsasən, Baş nazir Benyamin Netanyahunun rəhbərlik etdiyi “Likud” partiyası ən çox deputat mandatı qazanan siyasi qüvvədir.

İsrailin Kan-11 dövlət televiziyasının yayımladığı ekzitpolun nəticələrinə görə, “Likud” 120 yerlik Knessetdə 25 mandat əldə edir.

Netanyahunun əsas rəqibi, müxalifətçi Qadi Ayzenkotun rəhbərlik etdiyi “Yaşar” partiyası isə 21 mandatla ikinci yerdə qərarlaşıb.

Bununla belə, ekzitpolun nəticələri müxalifət blokunun hazırkı hakim koalisiyanı mandat sayına görə qabaqladığını göstərir.

Belə ki, “Kan-11”in məlumatına əsasən, müxalifət partiyaları ümumilikdə 53, Netanyahunun rəhbərlik etdiyi blok isə 50 mandat əldə edir.

Qalan 17 mandatın ərəb partiyaları arasında bölüşdürüləcəyi bildirilir. İlkin qiymətləndirmələrə görə, nə müxalifət, nə də “Likud” bloku həmin partiyalarla koalisiya qurmağa hazırdır.

Qeyd edək ki, İsraildə hökumətin formalaşdırılması üçün 120 yerlik Knessetdə ən azı 61 deputatın dəstəyi tələb olunur. Ekzitpolun nəticələrinə əsasən, hazırda heç bir siyasi blok bu çoxluğu əldə edə bilmir.

Ekzitpolun nəticələri ilkin xarakter daşıyır və səslərin rəsmi hesablanmasından sonra dəyişə bilər.


***

İsraildə 26-cı çağırış Knessetə keçirilən parlament seçkilərində səsvermə başa çatıb.

İsrail mediasının məlumatına görə, yerli vaxtla saat 22:00-da seçki məntəqələri bağlanıb.


***

23:51

İsraildə 26-cı çağırış Knessetə keçirilən seçkilərdə səsvermənin başa çatmasına iki saat qalmış seçici fəallığı 74,3 faizə çatıb.

İsrailin 12-ci televiziya kanalının məlumatına görə, bu göstərici yerli vaxtla saat 20:00-a olan vəziyyəti əks etdirir.

Qeyd olunur ki, qeydə alınan seçici fəallığı 1988-ci ildən bəri İsraildə keçirilən seçkilərdə müvafiq saat üçün ən yüksək göstəricidir.

Bundan başqa, hazırkı göstərici 2022-ci ilin noyabrında keçirilmiş əvvəlki parlament seçkilərinin yekun nəticəsini də üstələyib. Həmin seçkilərdə seçici fəallığı 70,63 faiz təşkil etmişdi.

APA