ABŞ-ın Vitse-prezidenti Ceyms Devid Vens ölkəsinin Yaxın Şərq siyasətinin İsrailə tabe olmamalı olduğunu bildirib.
Herbiand.az xəbər verir ki, Vens bu barədə “All-In Podcast” tərəfindən təşkil olunan konfransda çıxışı zamanı deyib.
“Biz Yaxın Şərqdəki xarici siyasətimizin İsrail dövlətinə tabe olmasına imkan verə bilmərik”, – Vens bildirib.
O, ABŞ-İsrail münasibətlərinə toxunaraq qeyd edib ki, İsrail hərbi texnologiya və kəşfiyyat məlumatlarının mübadiləsi baxımından ABŞ-ın mühüm tərəfdaşıdır. Bununla belə, Vaşinqton bəzi məsələlərdə İsraillə razılaşmaya bilər.
Vensin sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp son 40 ildə digər prezidentlərdən daha çox İsrailin Baş naziri Benyamin Netanyahu ilə fikir ayrılığı olduqda ABŞ maraqlarını əsas götürməyə hazır olduğunu nümayiş etdirib.
“Bu münasibətləri, bütün münasibətlərdə olduğu kimi, Amerikanın maraqları üzərində qurmaq burada rasional müzakirə aparmağın yoludur”, – Vens vurğulayıb.
ABŞ-ın Vitse-prezidenti NATO ilə münasibətlərə də toxunub. O bildirib ki, Vaşinqton tərəfdaşları ilə əməkdaşlıq edir, lakin fikir ayrılığı yarandıqda öz maraqlarını əsas götürür.
“Biz insanlarla əməkdaşlıq etdikdə əməkdaşlıq edəcəyik, fikir ayrılığı olduqda isə razılaşmadığımızı bildirəcəyik. Biz Amerikanın maraqlarını güdəcəyik. Rasional xarici siyasət yürütməyin yeganə yolu budur”, – Vens əlavə edib.