Advertisment

“Sülhün təminatlarından biri güclü müdafiə qabiliyyətidir” -Əkbər Qoşalı

“Xocalı qurbanlarını unutmayacağıq. Dağıdılmış məscidlərimizi, təhqir edilmiş mədəni ocaqlarımızı heç vaxt unutmayacağıq və bu yaddaş bizi daha da ayıq edəcək... Biz ayıq olmalıyıq, ayığıq və eyni zamanda, öz hərbi gücümüzü də artırırıq”. Bunu Türk Dövlətləri dini qurumlarının təmsilçilərindən ibarət nümayəndə heyətini qəbul edərkən Azərbaycan Respublikasının prezidenti İlham Əliyev deyib.

Müzəffər Azərbaycan ordusunun gücü ilə torpaqlarımız işğaldan azad edilib, Qarabağ münaqişəsinə son qoyulub. “Sülhə hazırlaşmaqla yanaşı, müharibəyə də hazır olmaq” yanaşmasını regionun mövcud geosiyasi reallıqları fonunda necə qiymətləndirmək olar? Bu mesajlar Azərbaycanın təhlükəsizlik siyasətində hansı mənanı daşıyır? Xocalı faciəsi və məruz qaldığımız müharibə cinayətləri ilə bağlı tarixi yaddaşı necə qorumaq olar? Yazıçı publisist Əkbər Qoşalı Herbiand.az-a açıqlamasında deyib ki, Prezident İlham Əliyevin “sülhə hazırlaşmaqla yanaşı, müharibəyə də hazır olmalıyıq” fikri əslində bugünkü mürəkkəb geosiyasi mühitdə təhlükəsizlik siyasətinin məntiqini ifadə edir:

“Bugünlərdə Bakıda Türk Dövlətləri Təşkilatının Müsəlman Dini Rəhbərləri Şurasının 7-ci toplantısı keçirilir. Azərbaycan Prezidenti Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini idarə rəhbərləri Şurasının üzvlərindən, müşahidəçilərindən, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçılarından və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini dünən qəbul edib. 15 sentyabr Azərbaycanda həm Yeni dərs ilinin başlanğıcı, həm də tarixdən dərs aldığımız –Bakının 1918-ci ildə düşmənlərin işağlından azad olunduğu kimi qeyd olundu. Ərəblərin bir deyimi var: bu aləmdə təsadüf yoxdur, hər nə olsa təvafüqlükdür – biz də hər iki planda dərs gününü və dövlət başçısının keçirdiyi qəbulu, o qəbulda verilən ismarıcları bir bütövün hissələri kimi görür, təvafüqlük saymaqda haqlıyıq. Azərbaycan Ermənistanla uzunmüddətli sülhün qurulmasında maraqlıdır, lakin sülh istəyi dövlətin müdafiə imkanlarının zəif­lədilməsi anlamına gəlməməlidir”.

Əkbər Qoşalı hesab edir ki, dayanıqlı sülh qarşılıqlı öhdəliklərə sayğı ilə yanaşı, onu poza biləcək risklərin qarşısını alan güvənli təhlükəsizlik imkanlarını da tələb edir.

“Bu baxımdan Xocalının, dağıdılmış məscidlərin, təhqir edilmiş dini-mədəni irsin unudulmaması gələcəyə daha məsuliyyətlə baxmaq məsələsidir. Tarixi yaddaş yeni nəsillərə faktı, ədaləti və bir daha belə faciələrə yol verməmək məsuliyyətini ötürməlidir. Memoriallar, muzeylər, sənədli qaynaqlar, təhsil və mədəniyyət layihələri həmin yaddaşı emosional qarşıdurma müstəvisindən çıxarıb tarixi həqiqət, insan hüquqları və sülh mədəniyyəti müstəvisində yaşatmalıdır. Xocalı Memorial Kompleksinin yaradılması da dövlət səviyyəsində yaddaşın qorunmasının konkret örnəyidir”-deyə, o, bildirib.

Yazıçının fikrincə,

Azərbaycanın hərbi potensialını gücləndirməsi də bu məntiqdə milli təhlükəsizlik siyasətinin ayrıca dayağı kimi qiymətləndirilə bilər: “Güclü müdafiə qabiliyyəti mümkün təhdidlərin qarşısını almağa, razılaşmaların pozulması riskini azaltmağa və ölkənin təhlükəsizliyini təmin etməyə xidmət edən çəkindirmə amilidir. Bununla yanaşı, davamlı sülhün digər zəruri dayaqları diplomatiya, qarşılıqlı öhdəliklərin yerinə yetirilməsi və güvən mühitinin formalaşdırılmasıdır.

Azərbaycanın yanaşmasını üç anlayışla ümumiləşdirmək mümkündür: yaddaşı itirməmək, təhlükəni kiçiltməmək və sülh imkanını əldən verməmək. Bəli, tarixi yaddaş - ayıqlıq yaradır, dövlətin gücü - təhlükəsizliyi qoruyur, diplomatiya isə həmin təhlükəsizliyi uzunmüddətli sülhə çevirmək üçün imkan yaradır.

Dövlətimiz zaval görməsin, bayrağımız daim uca olsun!”

 

Yunis İsrəfilov

Herbiand.az