Advertisment

Sülhə gedən yol gerçəkliyin qəbulundan keçir - Fazil Mustafa

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfərinə Ermənistanın müəyyən ictimai-siyasi çevrələrində verilən reaksiya, əslində, bir səfərə münasibətdən daha geniş problemi ortaya çıxarmış oldu. Bəs burada əsas sual nədir? - Ermənistan cəmiyyəti yeni regional gerçəkliyi qəbul etməyə nə dərəcədə hazırdır?

 

Qarabağ Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış suveren ərazisidir. Xarici diplomatların ölkəmizin ayrı-ayrı bölgələrinə səfərlərinin təşkili də normal diplomatik praktikadır. Bu səfərə görə diplomatları hədəfə almaq, onların davranışlarını siyasi linç predmetinə çevirmək Azərbaycanın suveren hüquqlarına münasibətdə köhnə düşüncə stereotiplərinin hələ də yaşadığını açıq göstərir. Bu isə sülh gündəliyinə, ötən ilin avqustunda ABŞ Prezidentinin evsahibliyi ilə keçirilən tarixi görüşün və orada imzalanan sənədlərin ruhuna ziddir.

 

Məsələnin başqa bir önəmli tərəfi tarixi-mədəni irslə bağlıdır. Tarixin siyasi sifarişlə yazılmadığı və abidələrin mənsubiyyətinin emosional kampaniyalarla müəyyənləşdirilmədiyi mübahisə mövzusu deyil. Qafqaz Albaniyası bu coğrafiyanın tarixi gerçəkliyidir; onun xristian irsinin öyrənilməsi də tarix elminin legitim tədqiqat predmetidir. Eyni zamanda, bölgədəki müxtəlif dönəmlərə və icmalara aid dini-mədəni irsin qorunması çağdaş dövlətin məsuliyyətidir. Azərbaycan öz ərazisində yerləşən tarixi, mədəni abidələrin qorunmasını dövlət öhdəliyi kimi qəbul edir.

Problem ondadır ki, tarixə münasibətdə, belə deyək, seçici yaddaş sülhə xidmət etmir. Azərbaycan ərazisində erməni izlərini mütləqləşdirib, indiki Ermənistan ərazisində yüzillər boyu yaşamış azərbaycanlıların tarixi-mədəni varlığını görməzdən gəlmək elmi yanaşma ola bilərmi? Ermənistan ərazisində Azərbaycan xalqına məxsus məscidlərin, qəbiristanlıqların, yaşayış məntəqələrinin, digər mədəni izlərin taleyi də eyni həssaslıqla müzakirə edilməlidir.

 

Əgər biz doğrudan da Azərbaycanla Ermənistan arasında davamlı sülhdən danışırıqsa, sülh yalnız hökumətlərin imzalayacağı sənədlə məhdudlaşmamalıdır. Sülhün ictimai şüuru da formalaşmalıdır. Ermənistan cəmiyyətinin bir hissəsində Azərbaycan ərazisinə münasibətdə köhnə siyasi-coğrafi təsəvvürlərin yaşadılması sabah yeni əvəzçıxma üçün psixoloji zəmin yarada bilər.

 

Burada Ermənistan hakimiyyətinin də üzərinə ciddi məsuliyyət düşür. Paşinyan hökuməti bir tərəfdən Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bildirirsə, digər tərəfdən Azərbaycan ərazisində baş verən sıradan diplomatik səfərin daxili siyasi polemika, qarşıdurma predmetinə çevrilməsinə münasibətdə ardıcıl, təsirli mövqe nümayiş etdirməlidir. Sülh siyasəti yalnız xarici auditoriya qarşısında nümayiş olunmamalı, o, öz cəmiyyətinin qarşısında da müdafiə edilməlidir.

Bu baxımdan Qarabağ və Şərqi Zəngəzura səfər etmiş diplomatların hədəfə alınması yanlış siyasi refleksdir. Diplomatlar Azərbaycanın bərpa etdiyi şəhərləri, qurduğu infrastrukturu, qorunan və bərpa edilən tarixi-mədəni irsi öz gözləri ilə görür. Əslində, belə səfərlərin ən böyük önəmi də yerində müşahidə ilə fikir formalaşdırmaq imkanının yaranmasıdır.

 

Ermənistan üçün əsas seçim keçmişi yenidən istehsal etmək olmamalı, bunun yerinə, gələcəyi qurmaq olmalıdır. Azərbaycanla sülh Ermənistanın məğlubiyyət kompleksini davamlı şəkildə yaşatması üzərində qurulmur; bu quruculuq, qarşılıqlı şəkildə tanınmış suverenlik, sərhədlərin toxunulmazlığı və qonşuluq münasibətləri üzərində qurula bilər.

 

Sülhün ən böyük düşməni bəzən silahdan daha ziyanlı olan - dəyişmək istəməyən yaddaşdır. Ermənilər bölgədə yeni səhifə açmaqda maraqlıdırsa, öncə köhnə ərazi iddialarının və tarixi müstəsnalıq düşüncəsinin yaratdığı mifoloji səhifəni bağlamalıdır.