Advertisment

Bakının yükünü necə azaldaq? -QHT sədrindən şəhərsalma ilə bağlı ilginc təklif

Yeni dərs ilinin başlaması ilə Bakının əsas küçə və prospektlərində yaranan nəqliyyat sıxlığı şəhər sakinlərinin narahatlığını artırıb. Ekspertlər, vətəndaş cəmiyyəti fəalları tıxacların azaldılması və paytaxtın nəqliyyat yükünün yüngülləşdirilməsi ilə bağlı çıxış yollarının axtarılmasının vacibliyini vurğulayırlar.
Onların fikrincə, ictimai nəqliyyatın daha da inkişaf etdirilməsi, alternativ nəqliyyat imkanlarının genişləndirilməsi və nəqliyyat axınının düzgün idarə olunması əsas istiqamətlərdən ola bilər.

Eyni zamanda, məktəb və iş saatlarının mərhələli şəkildə tənzimlənməsi, parklanma probleminin həlli və şəhər ətrafında nəqliyyat infrastrukturunun gücləndirilməsi də nəzərdən keçirilməlidir.
Bakı sakinlərinin rahat və təhlükəsiz hərəkətini təmin etmək üçün dövlət qurumları, bələdiyyələr və vətəndaş cəmiyyəti arasında koordinasiyalı əməkdaşlığa ehtiyac var.

Herbiand.az xəbər verir ki, “XXI Əsrin Qadınları” ictimai birliyinin sədri Mahirə Əmirhüseynova  problemin səbəblərinə ayrındlıq gətirib: “Bakı böyüsə də, problemləri kiçilmir. Köhnə məhəllələr sökülür, yerində bir-birinə bitişik hündürmərtəbəli və göydələn binalar tikilir. Şəhərin sıxlığı isə günü-gündən artır. Amma yeni binaların sayı artdığı halda yollar genişlənmir, məktəblər, xəstəxanalar, parklama yerləri və digər sosial infrastruktur bu sürətlə inkişaf etmir.

Nəticədə isə hamımızın hər gün qarşılaşdığı mənzərə ortaya çıxır: tıxac, stress, vaxt itkisi və sosial narahatlıq. 50 il əvvəl çəkilmiş yollar, su və kanalizasiya sistemləri bugünkü qədər əhalini və avtomobili qarşılamaq üçün nəzərdə tutulmayıb. Şəhərin infrastrukturu artıq bu qədər böyük insan və nəqliyyat axınının yükünü daşımaqda çətinlik çəkir.

Bir-birinə bitişik şəkildə tikilən binalar isə ayrıca bir problemdir. Şəhərin nəfəs almağa ehtiyacı var! İnsanların yaşadığı ərazilərdə yaşıllıq, parklar, geniş yollar, istirahət məkanları və normal sosial infrastruktur olmalıdır. Hər boş sahəni yeni bina ilə doldurmaq şəhəri inkişaf etdirmək deyil.

Şəhərin mərkəzində və onsuz da sıx olan ərazilərdə yeni göydələnlərin tikintisinə son qoyulmalıdır. İnkişaf yalnız yeni binaların sayının artması ilə ölçülməməlidir.

Digər tərəfdən, regionlar boşalır, Bakı isə dolur!

Əvvəllər əhalinin böyük hissəsi bölgələrdə yaşayırdı. İnsanlar torpaqla, kənd təsərrüfatı və heyvandarlıqla məşğul olur, həm öz ailələrinin dolanışığını təmin edir, həm də ölkənin ərzaq təminatına töhfə verirdilər.

Bu gün isə təhsil, iş, səhiyyə və digər imkanların böyük hissəsi Bakıda və mərkəzdə cəmləşdiyindən insanlar bölgələrdən paytaxta üz tutur. Bunun nəticəsində kəndlər boşalır, kənd təsərrüfatı ilə məşğul olanların sayı azalır, istehsal zəifləyir və təbii olaraq kənd təsərrüfatı məhsullarının qiyməti də günü-gündən artır.

Bu məsələlər bir-biri ilə bağlıdır”.

QHT sədri hesab edir ki, bölgələr inkişaf etmədən Bakının yükünü azaltmaq mümkün deyil.

“İnsan öz rayonunda normal iş, keyfiyyətli təhsil, səhiyyə və yaşayış imkanları tapa bilmirsə, əlbəttə ki, Bakıya üz tutacaq. Artıq Bakının plansız və həddindən artıq sıx şəkildə böyüməsinə yenidən baxılmalıdır. Paytaxtın inkişafı ilə yanaşı, regionların inkişafı da prioritet olmalıdır. Bakı böyüməlidir, amma plansız yox! Şəhərlər tikilməlidir, amma insan üçün! Regionlar inkişaf etməlidir ki, Bakı nəfəs ala bilsin!”-deyə, o, bildirib.

E.Cəfərli

Herbiand.az