Advertisment

Robert Fitso ölkəsinin NATO-ya görə müharibəyə cəlb olunmasını istəmir

Slovakiyanın Baş naziri Robert Fitso bəyan edib ki, Avropada vəziyyət getdikcə daha da gərginləşir və o, ölkəsinin müharibəyə cəlb olunmasını istəmir.

Herbiand.az “EUBrief”ə istinadla xəbər verir ki, Robert Fitso NATO-nun “hansısa 5-ci maddəsinə” görə Slovakiyanın hərbi münaqişənin iştirakçısına çevrilməsini istəmədiyini deyib. Bu maddəyə əsasən, NATO-ya üzv ölkələrdən birinə silahlı hücum bütün üzv ölkələrə hücum hesab olunur.

“Bəli, biz NATO-nun üzvüyük, bunu yüksək qiymətləndiririk, əməkdaşlıq və öhdəliklərin yerinə yetirilməsi bizim üçün vacibdir. Lakin Baş nazir kimi Slovakiyanın heç vaxt hərbi münaqişəyə cəlb olunmaması üçün əlimdən gələni edəcəyəm”, – deyə o bildirib.

Robert Fitsonun sözlərinə görə, hazırda Slovakiyada işsizlik səviyyəsi aşağıdır və infrastruktur inkişaf edir. Lakin hərbi münaqişənin başlaması ilə hər şey çətinləşə bilər.

Fitso sentyabrın 18-də Ukraynaya səfər edəcəyini də təsdiqləyib. “Avropa həqiqəti”nin yazdığına görə, onun səfəri İvano-Frankovsk vilayətində keçiriləcək “Karpat təşəbbüsü” sammiti çərçivəsində nəzərdə tutulub. Məqsəd Karpat regionu ölkələri arasında iqtisadi, infrastruktur və regional əməkdaşlığın gücləndirilməsidir. Söhbət, xüsusilə də Ukrayna, Slovakiya, Polşa, Macarıstan, Rumıniya, Çexiya, Avstriya və Serbiyadan gedir.

Slovakiya Milli Şurası sentyabrın 17-də NATO-nun “Şərq keşikçisi” əməliyyatı çərçivəsində Slovakiya Silahlı Qüvvələrinin təxminən 100 hərbçisinin göndərilməsini təsdiqləyib. Slovakiyalı hərbçilər əsasən Polşa və Rumıniyada fəaliyyət göstərəcək, burada NATO-nun şərq cinahında hava məkanına nəzarətə kömək edəcəklər.