Advertisment

Rəqəmsal məhsul hazırlığına həsr olunmuş təlim keçirilib

Bu gün sentyabrın 18-də Bakı şəhəri 35 nömrəli tam orta ümumtəhsil məktəbində Azad Müəllimlər İctimai Birliyinin (AMİB) həyata keçirdiyi “Təhsilverənlərin və təhsilalanların İKT-dən məqsədyönlü istifadəetmə bacarıqlarının inkişafı” layihəsi çərçivəsində dördüncü təlim baş tutub.

Beynəlxalq təhsil proqramlarının iştirakçısı, Azad Müəllimlər İctimai Birliyinin təlimçilərindən biri, Azərbaycan Respublikasının Təhsil İnstitutunun (ARTİ) aparıcı metodisti Nüşabə Mehtiyevanın rəhbərliyi ilə keçirilən təlim “Müəllim–Şagird cütləri ilə rəqəmsal məhsulun hazırlanması” mövzusuna həsr olunub.

Bu gün ki təlimin əsas məqsədi layihənin ilk üç təlimi ərzində əldə edilmiş İKT bacarıqlarının real tədris prosesində tətbiqini təmin etmək, müəllim və şagirdlərin birgə rəqəmsal komanda işini təşkil etmək və informasiya-kommunikasiya texnologiyalarının dərs prosesinə effektiv inteqrasiyasına nail olmaqdır.

Təlim çərçivəsində müəllim və şagirdlərin əməkdaşlığına əsaslanan iki nəfərlik iş modeli üzərində fəaliyyət qurulub. Bu modelə uyğun olaraq, 10 müəllim və 10 şagirddən ibarət cütlüklər yaradılıb və onların birgə rəqəmsal məhsul hazırlaması istiqamətində praktiki iş aparılıb.

İki nəfərlik əməkdaşlıq modelində müəllim və şagirdlərin funksiyaları qarşılıqlı əməkdaşlıq və məsuliyyət prinsipləri əsasında müəyyənləşdirilib.

Müəllimlər pedaqoji istiqamətin müəyyənləşdirilməsi, təlim məqsədlərinin və standartların seçilməsi, eləcə də hazırlanacaq rəqəmsal məhsulun məzmununun elmi və metodiki dəqiqliyinə nəzarət ediblər.

Şagirdlər isə rəqəmsal alətlərlə yaradıcı işin icrası, vizual həllərin və dizaynın hazırlanması, həmçinin öz baxış bucaqlarının rəqəmsal məhsula inteqrasiyası prosesində fəal iştirak ediblər.

Bu əməkdaşlıq modeli müəllimin pedaqoji təcrübəsi ilə şagirdlərin rəqəmsal yaradıcılıq imkanlarının birləşdirilməsinə xidmət edib.

Təlim zamanı rəqəmsal məhsulun hazırlanması prosesi dörd əsas mərhələ üzrə təşkil olunub.

Birinci mərhələ - Tədris layihəsinin mövzusunun seçilməsi. Cütlüklər fənn kurikulumuna və şagirdlərin yaş xüsusiyyətlərinə uyğun, real dərs prosesində tətbiq oluna biləcək mövzular üzərində işləyiblər. Mövzunun aktuallığı, maraq doğurması və yaradıcı imkanlar yaratması əsas meyarlar kimi nəzərə alınıb.

İkinci mərhələ - Təlim məqsədinin müəyyənləşdirilməsi. Hazırlanacaq rəqəmsal məhsulun məqsədi aydın və ölçülə bilən formada müəyyənləşdirilib. Şagird fəaliyyətinin təlim məqsədinə uyğunluğu, seçilən İKT alətinin bu məqsədə xidmət etməsi və gözlənilən nəticələrin əvvəlcədən müəyyən olunması diqqət mərkəzində saxlanılıb.

Üçüncü mərhələ - Uyğun rəqəmsal İKT alətinin seçilməsi. Layihənin ilk üç təlimi zamanı öyrənilmiş rəqəmsal platformalar arasından təlim məqsədinə uyğun vasitələrin seçilməsi istiqamətində iş aparılıb. Canva, Kahoot və süni intellekt alətləri kimi rəqəmsal həllərin imkanları nəzərdən keçirilib. “Bir dərs – bir rəqəmsal həll” prinsipi əsas götürülərək, sadə, interaktiv və təhlükəsiz alətlərin seçilməsinə xüsusi diqqət yetirilib.

Dördüncü mərhələ - İş bölgüsünün aparılması. Müəllim və şagirdlər arasında vəzifələr, səlahiyyətlər və məsuliyyətlər müəyyənləşdirilib. Hər bir iştirakçının rəqəmsal məhsulun hazırlanmasına öz töhfəsini verməsi üçün əməkdaşlıq prosesi təşkil olunub.

Təlimin praktiki hissəsində 10 müəllim və 10 şagirddən ibarət cütlüklər ayrılmış iki saat ərzində intensiv şəkildə çalışıblar. Hər bir cütlük seçdiyi tədris mövzusu üzrə rəqəmsal platformada məhsul hazırlayıb.

Proses ərzində təlimçi Nüşabə Mehtiyeva iştirakçılara texniki və metodiki dəstək göstərib, onların rəqəmsal məhsullarının təlim məqsədlərinə uyğun hazırlanmasına istiqamət verib.

Təlimin sonunda müəllim və şagird cütlüklərinin birgə fəaliyyəti nəticəsində rəqəmsal tədris layihələrinin ilkin versiyalarının hazırlanması nəzərdə tutulub. Bununla yanaşı, iştirakçıların İKT alətlərindən praktiki istifadə bacarıqlarını nümayiş etdirməsi, rəqəmsal komanda işi təcrübəsi qazanması və texnologiyaların dərs prosesində məqsədyönlü tətbiqi istiqamətində təcrübələrinin genişləndirilməsi hədəflənib.

Keçirilən dördüncü təlim layihənin nəzəri və praktiki mərhələləri arasında əlaqənin möhkəmləndirilməsinə, müəllim və şagirdlərin birgə rəqəmsal yaradıcılıq fəaliyyətinin təşviqinə və müasir təhsil mühitində İKT-dən səmərəli istifadənin inkişafına yönəlib.