Advertisment

Ölkədə hərbçi çatışmazlığı son həddə: “Belə getsə ordu çökəcək”-General

İsrail ordusunda şəxsi heyət çatışmazlığı yaşanır. Herbiand.az xəbər verir ki, problem artıq böhran həddinə çatıb.

İsraildə yayımlanan “Maariv” qəzetinin yazdığına görə, ordu rəhbərliyi ilə hərbçilər arasında tərxis və məzuniyyətlərin ləğvi ilə bağlı qarşıdurma yaranıb.

Dekabrda ordudan tərxis olunacaq əsgərlərə məzuniyyətə çıxa bilməyəcəkləri bildirilib.

Qəzetə danışan hərbi mənbələr bildirib ki, əsgərlərdən son iki il ərzində topladıqları məzuniyyətlərdən istifadə hüququnun alınması barədə qərarı Baş Qərargah rəisi Eyal Zamir və Baş Qərargahın Əməliyyat İdarəsinin rəhbəri, general-mayor İtsik Koen qəbul edib.

Qərar orduda hərbçi çatışmazlığı və İsrailin bölgədə hücumlarını davam etdirməsi səbəbindən qəbul edilib.

Bununla yanaşı ordu daxilində bəzi yüksək rütbəli hərbçilər qərarın qanunlara zidd olduğunu bildirərək rəhbərliyin qərarına etiraz ediblər.

İsrail Ordusunun sözçüsü Effi Defrin orduda 12-15 min nəfərlik hərbçi çatışmazlığının yarandığını və vəziyyətin artıq dözülməz həddə çatdığını bildirib.

Qeyd edək ki, Baş Qərargah rəisi Eyal Zamir martın 26-da verdiyi açıqlamada ordunun ciddi şəxsi heyət böhranı ilə üzləşdiyini bildirmişdi.

“Hərbçi böhranını həll etməsək, ordu çökəcək”,-deyə, Zamir demişdi.

E.Cəfərli

Herbiand.az