1939-cu il sentyabrın 17-də Sovet ordusunun Polşanın şərq ərazilərinə daxil olması İkinci Dünya müharibəsinin ilk mərhələsinin ən mühüm hadisələrindən biri oldu. Almaniyanın qərbdən başladığı hücumdan 16 gün sonra sovet qoşunlarının Polşaya daxil olması ölkənin iki böyük güc arasında bölüşdürülməsinə gətirib çıxardı.
1939-cu il avqustun 23-də Moskva şəhərində SSRİ ilə nasist Almaniyası arasında Molotov-Ribbentrop paktı imzalandı. Hücum etməmək haqqında müqavilənin ictimaiyyətə açıqlanmayan gizli protokolunda Şərqi Avropada tərəflərin maraq dairələri müəyyənləşdirilirdi. Polşa ərazisinin də bu bölgüyə daxil edilməsi sonrakı hadisələr üçün mühüm zəmin yaratdı.
Sentyabrın 1-də Almaniya Polşaya qərbdən hücum etdi. Bu hücum İkinci Dünya müharibəsinin başlanğıcı hesab olunur. Polşa ordusu alman qoşunlarına qarşı ağır döyüşlər apararkən sentyabrın 17-də Qızıl Ordu ölkənin şərq sərhədini keçdi.
Sovet rəhbərliyi Polşaya qoşun yeritməsini bir sıra arqumentlərlə əsaslandırmağa çalışırdı. Moskvanın açıqlamasında bildirilirdi ki, Polşa dövləti və hökuməti faktiki olaraq mövcudluğunu itirib və bu səbəbdən sovet qoşunlarının bölgədə yaşayan ukraynalı və belarus əhalisini “qorumaq” məqsədilə hərəkətə keçməsi zəruridir.
Lakin hadisələrin inkişafı göstərdi ki, SSRİ-nin hərbi müdaxiləsi Polşanın şərq ərazilərinin sovet nəzarətinə keçməsi ilə nəticələndi.
Polşa həmin vaxt faktiki olaraq iki cəbhədə müharibə aparmaq məcburiyyətində qalmışdı. Ordunun əsas qüvvələri qərbdə Almaniyanın Vermaxtına qarşı döyüşürdü. Şərq sərhədində isə əsasən Sərhəd Mühafizə Korpusu və digər məhdud qüvvələr yerləşirdi.
Polşa Silahlı Qüvvələrinin baş komandanı Eduard Rıdz-Smiqly sovet qoşunları ilə genişmiqyaslı qarşıdurmadan yayınmaq və əsas qüvvələrin Rumıniya və Macarıstan istiqamətində geri çəkilməsinə üstünlük vermək barədə göstəriş vermişdi.
Buna baxmayaraq, Qrodno və digər yaşayış məntəqələrində Polşa qüvvələri sovet qoşunlarına qarşı müqavimət göstərdi. Döyüşlərin miqyası və nəticələri müxtəlif ərazilərdə fərqli oldu.
Sentyabrın 28-də SSRİ ilə Almaniya arasında “Dostluq və sərhəd haqqında” müqavilə imzalandı. Sənədlə Polşa ərazisinin iki dövlət arasında bölüşdürülməsi rəsmiləşdirildi.
Beləliklə, Polşanın böyük hissəsi Almaniyanın, şərq ərazilərinin əhəmiyyətli bölümü isə Sovet İttifaqının nəzarətinə keçdi. İşğal olunmuş ərazilərdə siyasi və inzibati sistem dəyişdirildi, sovetləşdirmə prosesi həyata keçirildi.
Həmin dövrdə Polşa əhalisinin əhəmiyyətli hissəsi repressiya və deportasiyalara məruz qaldı. Minlərlə insan həbs edildi, yüz minlərlə insan isə müxtəlif vaxtlarda SSRİ-nin uzaq bölgələrinə sürgün olundu.
Sovet və alman qoşunlarının Polşa ərazisindəki əməkdaşlığının simvolik nümunələrindən biri Brest-Litovskda keçirilən hərbi mərasim oldu. Sentyabrın 22-də şəhərin alman qoşunlarından sovet qüvvələrinə təhvil verilməsi ilə bağlı mərasim keçirildi. Tədbirdə alman generalı Haynts Quderian və sovet briqada komandiri Semyon Krivoşein iştirak edirdi.
Bu hadisə sonradan SSRİ ilə nasist Almaniyası arasında 1939-cu ildə mövcud olmuş əməkdaşlığın ən çox müzakirə edilən nümunələrindən birinə çevrildi.
Polşanın şərq ərazilərinin SSRİ tərəfindən işğalından sonra minlərlə polşalı hərbçi, polis əməkdaşı, ziyalı və dövlət qulluqçusu sovet təhlükəsizlik orqanlarının nəzarətinə keçdi.
1940-cı ildə NKVD tərəfindən polşalı zabitlər və digər məhbusların kütləvi şəkildə öldürülməsi ilə bağlı hadisələr tarixə Xatın qətliamı adı ilə daxil oldu. Tarixi araşdırmalara görə, təxminən 22 min polşalı hərbçi, polis əməkdaşı və ziyalı öldürülüb.
Uzun illər SSRİ Xatın qətliamına görə məsuliyyəti qəbul etmədi. Sonrakı dövrdə isə sovet rəhbərliyi bu cinayətin NKVD tərəfindən törədildiyini rəsmən etiraf etdi.
1939-cu il sentyabrın 17-də Qızıl Ordunun Polşaya daxil olması ölkənin müstəqilliyinin itirilməsi və ərazisinin iki totalitar dövlət arasında bölüşdürülməsi ilə nəticələnən prosesin əsas mərhələlərindən biri oldu.
Polşada 17 sentyabr hadisəsi uzun illər milli yaddaşda xüsusi yer tutub və geniş şəkildə “arxadan vurulan zərbə” kimi xarakterizə edilir. Hadisə İkinci Dünya müharibəsinin başlanğıcında Şərqi Avropanın siyasi xəritəsinin necə dəyişdiyini və böyük dövlətlərin öz maraq dairələrini necə formalaşdırdığını göstərən mühüm tarixi nümunələrdən biridir. Son vaxtlar Ukrayna kampaniyası fonunda Kreml Polşanı tez-tez təhdid edir. Rus ordusu 87 il sonra yenidən Polşaya müdaxilə edə bilərmi? Bu halda NATO-nun davranışı necə olacaq?
Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu herbiand.az-a açıqlamasında bildirib ki, onsuz da
Rusiyanın Polşaya kiçikçaplı müdaxilələri var.

“Ara-sıra PUA-lar Polşa səmasına keçir. Hazırda Ukrayna məsələsi ilə bağlı ABŞ ilə Rusiya arasında pərdəarxası sövdələşmələrin olması daha çox ehtimal olunur. Çünki bilirsiniz ki, Birləşmiş Ştatlarla Avropa İttifaqı arasında geopolitik ziddiyyətlər var və Avropa İttifaqı çoxqütblü dünyanın formalaşması prosesində ABŞ-dan müstəqil güc mərkəzi kimi çıxış etməyə çalışır. Bu da təbii ki, Birləşmiş Ştatları narahat edən məqamlardan biridir və buna görə də ABŞ Avropa İttifaqına təzyiq etməyə və özündən asılı qalmaqda davam etməsinə çalışır. Ona görə də Rusiyanın Avropa İttifaqına, həm Avropa İttifaqı, həm də NATO üzvü olan ölkələrinə rahat şəkildə təhdid etməsi o deməkdir ki, Avropa İttifaqı Birləşmiş Ştatların təhlükəsizlik çətirinə daha çox ehtiyac duyur, yəni bu Birləşmiş Ştatların maraqlarına cavab verir”-deyə, o, bildirib.
Siyasi şərhçi hesab edir ki, Polşa ilə bağlı Rusiyanın etdiyi addım geniş eskalasiyaya səbəb olmayacaq: “Çünki Rusiya istənilən halda müəyyən vaxtlarda NATO ilə bağlı nəbz yoxlaması həyata keçirsə də, NATO üzvü olan ölkələrə qarşı geniş hərbi müdaxilə etməkdən hesab edirəm ki, çəkinəcək. Çünki prosesin hansı məcrada davam edəcəyi hesab edirəm ki, qeyri-müəyyəndir və buna görə də Rusiyanın hazırda Ukrayna ilə bağlı çox ciddi problemlərlə üz-üzə qaldığı şəraitdə NATO-nu bütövlükdə qarşısına alacağını hesab edirəm ki, inandırıcı deyil və bu cür yanaşma tam məntiqsiz olar. Ona görə də Polşaya kiçikçaplı müdaxilələr bütövlükdə NATO-nun 5-ci maddəsinin işə düşəcəyi ilə bağlı əsasları yaratmır və bu prosesin NATO-nun bir nömrəli ordusu olan Birləşmiş Ştatların maraqlarına xidmət etdiyini nəzərə alsaq, vəziyyətin daha aydın təsəvvür etməyə imkan verir. Hazırda ABŞ ilə Rusiya arasında olan diplomatik təmaslar və hər iki dövlətin münasibətlərin bərpasına və inkişafına yönəlmiş addımları, eyni zamanda maraq toqquşmasından qaçmağa çalışmaları və bir-birinin maraqlarını nəzərə almaları bütövlükdə prosesin NATO çərçivəsində hansı istiqamətdə davam edəcəyi ilə bağlı fikir söyləməyə büyük ölçüdə imkan verir”.
Hazırda NATO üzvü olan ölkələr arasında da müəyyən fikir ayrılıqlarının olduğunu vurğulayan Ə.Zülfüqaroğlu əlavə edib: “Avropa İttifaqı daxilində də Ukraynaya dəstəklə bağlı fikir ayrılıqları var və bu da Rusiyanın maraqlarına xidmət edən amillərdən biridir. Bütün bu faktorları nəzərə alsaq, Rusiyanın Polşaya və yaxud hər hansı bir NATO üzvü olan ölkələrə genişçaplı hücumu və müdaxiləsini inandırıcı saymıram”.
Məhəmməd Əliyev