Estoniya qanunvericiləri prezident Yulla Madizeyə müraciət edərək Rusiya prezidenti Vladimir Putinin ad günü şənliyində iştirak etdiyinə görə Almaniyanın keçmiş kansleri Gerhard Şröderə təqdim edilən dövlət mükafatını ləğv etməsini istəyiblər.
Herbiand.az bildirir ki, bu barədə Estoniyanın ERR kanalı məlumat verib.
Deputatlar 2000-ci ildə Estoniya Prezidenti Lennart Meri tərəfindən Şröderə verilmiş 1-ci dərəcəli Mariana Xaç ordeninin geri alınmasını istəyirlər.
Estoniya prezidentinə müraciət Avropa Parlamentinin üzvü Riho Terras tərəfindən irəli sürülüb. Müraciət Avropa Parlamentinin digər 5 üzvü və Estoniya parlamentinin 26 deputatı tərəfindən də dəstəklənib. Terras deyib ki, Rusiyanın Ukrayna ilə genişmiqyaslı münaqişəsi fonunda şəxsi dostluğun bu cür nümayişi yersiz və çox arzuolunmazdır.
Müraciət müəlliflərinin fikrincə, Şröderin Moskvaya səfəri Rusiya prezidentinə "mənəvi və siyasi dəstək" verib və Avropa ölkələrinin Rusiya rəhbərliyini beynəlxalq səviyyədə təcrid etmək səylərinə zidd olub.
Müraciətdə həmçinin, Şröderin Almaniya kansleri vəzifəsindən ayrıldıqdan sonrakı fəaliyyətindən də bəhs olunur. Kanal xatırladıb ki, o, "Şimal Axını" və "Şimal Axını 2" layihələrində rəhbər vəzifələr tutub və Rusiyanın dövlət neft şirkəti "Rosneft"in idarəetmə orqanlarında çalışıb. Həmçinin bildirilib ki, Şröder Rusiyada "Hyperglobus" MMC-nin müşahidə şurasına da qoşulub.
Bəxtiyar CƏFƏRLİ