Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin sədri Vüqar Oruc Türkiyə və İtaliyanın qiymətləndirmə və daşınmaz əmlak sektorları ilə əlaqəli şirkətlərinin nümayəndələrini qəbul edib.
AQC-dən verilən məlumata görə, Cəmiyyətin ofisində keçirilən görüşlərdə Türkiyənin “Aden Değerleme” şirkətinin təsisçisi Erhan Saraç və baş direktorun müavini Sinan Doğuizi iştirak ediblər. Müzakirələrdə daşınmaz əmlakın, maşın və avadanlıqların qiymətləndirilməsi, beynəlxalq standartların tətbiqi, qiymətləndirmə metodologiyaları və peşəkar təcrübə mübadiləsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Türkiyədə fəaliyyət göstərən “Aden Değerleme” daşınmaz əmlak, maşın və avadanlıqların qiymətləndirilməsi, investisiya layihələrinin təhlili və iqtisadi əsaslandırılması, eləcə də şəhərsalma və yenidənqurma layihələri üzrə məsləhət xidmətləri göstərir.
Şirkətin beynəlxalq qiymətləndirmə standartları ilə işləməsi və müvafiq peşəkar qurumlarla əlaqələri əməkdaşlıq baxımından xüsusi əhəmiyyət daşıyır. Görüşdə bu təcrübənin Azərbaycan qiymətləndirmə sektorunda tətbiqi imkanları da müzakirə olunub.
AQC-nin qəbul etdiyi digər qonaq isə İtaliyanın “Levante & Co S.r.l.” şirkətinin rəhbəri Baldo Levante olub. Görüşdə mərmər və təbii daş materiallarının keyfiyyət göstəricilərinin daşınmaz əmlakın bazar dəyərinə təsiri, tikintidə istifadə olunan materialların qiymətləndirmə prosesində nəzərə alınması və bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi məsələləri müzakirə edilib.
Təbii daş və mərmər sektorunda fəaliyyət göstərən “Levante & Co S.r.l.” memarlıq və tikinti layihələri üçün daş materiallarının emalı və hazırlanması üzrə ixtisaslaşıb. Bu sahənin qiymətləndirmə sektoru ilə əlaqəsi tikililərin keyfiyyət göstəricilərinin və bazar dəyərinin müəyyənləşdirilməsi baxımından əhəmiyyətlidir.
Qəbul zamanı tərəflər qarşılıqlı peşəkar əlaqələrin genişləndirilməsi, təcrübə mübadiləsinin təşkili və gələcək əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi aparıblar.