Ermənistanın fəaliyyətinin dayandırılmasına baxmayaraq, ölkə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü olaraq qalır.
Herbiand.az xəbər verir ki, bu barədə KTMT-nin baş katibi Taalatbek Masadikov Ermənistanın təşkilatda gələcək üzvlük perspektivlərinin müzakirəsi zamanı brifinqdə bildirib.
Onun sözlərinə görə, Ermənistan nümayəndələri 2023-cü ildən bəri KTMT Kollektiv Təhlükəsizlik Şurasının, Xarici İşlər Nazirləri Şurasının və ya Müdafiə Nazirləri Şurasının iclaslarında iştirak etməyiblər: “Ermənistan tərəfi təxminən üç ildir ki, təşkilata üzvlük haqqı ödəmir. KTMT Katibliyində və Birgə Qərargahında vəzifələr üçün kvotaları doldurmayıb”.
Baş katib həmçinin bildirib ki, təşkilat 2024-cü ildə bu məsələləri müzakirə etmək üçün Ermənistan tərəfi ilə görüş təşəbbüsü ilə çıxış etməyə cəhd edib, lakin ölkənin danışıqlara hazır olmadığı barədə cavab alıb: “Fikrimcə, Ermənistanın KTMT-də iştirakını davam etdirməsi ilə bağlı qərar ölkə rəhbərliyinin mövqeyindən asılıdır. Ümid edirəm ki, Ermənistan tərəfi dəyişən beynəlxalq vəziyyəti nəzərə alaraq yanaşmasını yenidən nəzərdən keçirəcək”.
Bəxtiyar CƏFƏRLİ