Ukrayna və Rusiya arasında humanitar atəşkəs ehtimalı və ABŞ Prezidenti Donald Trampın tərəflərin liderləri ilə yaxın vaxtlarda görüş keçiriləcəyinə dair açıqlaması müharibənin gələcək taleyi ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Trampın danışıqlar prosesində irəliləyiş əldə olunduğunu bildirməsi diplomatik həll perspektivlərini artırsa da, tərəflər arasında davamlı atəşkəsin əldə olunması üçün bir sıra siyasi və hərbi maneələr hələ də qalmaqdadır. Bəs Rusiya və Ukrayna arasında genişmiqyaslı atəşkəs razılaşması əldə oluna bilərmi?
“Rusiya və Ukrayna arasında humanitar atəşkəsin əldə olunması, miqyası məhdud olsa da, diplomatik baxımdan diqqətəlayiq hadisədir. Söhbət hələlik bütün cəbhə xəttində hərbi əməliyyatların dayandırılmasından deyil, Xerson vilayətinin Oleşki şəhərində humanitar yardımın çatdırılması və mülki əhalinin təxliyəsi məqsədilə əldə olunduğu bildirilən lokal razılaşmadan gedir”. Bu fikirləri Herbiand.az -a açıqlamasında, politoloq Ülviyyə Zülfüqar bildirib.

Onun sözlərinə görə, tərəflər arasında ciddi fikir ayrılıqları qalmasına baxmayaraq, müəyyən məsələlər üzrə ortaq məxrəcə gəlmək imkanları mövcuddur: “Amma humanitar atəşkəslə genişmiqyaslı hərbi əməliyyatların dayandırılması arasında böyük fərq var. Rusiya ərazi məsələsində öz tələblərini qoruyur, Ukrayna isə təhlükəsizlik təminatları olmadan uzunmüddətli razılaşmaya getmək istəmir. Ona görə də hesab edirəm ki, ümumi atəşkəsin əldə olunması mümkündür, lakin bunun üçün ilk növbədə tərəflərin siyasi mövqelərində müəyyən yaxınlaşma baş verməlidir”.
Bu məsələdə Trampın roluna toxunan Ülviyyə Zülfüqar bildirib ki, Ağ Ev rəhbərinin Rusiya və Ukrayna prezidentləri ilə mümkün görüşlər, eləcə də danışıqlarda ciddi irəliləyiş əldə olunması ilə bağlı açıqlamaları da diqqət çəkir: “ABŞ administrasiyasının münaqişənin diplomatik həllində fəal rol oynamaq istəyi aydındır. Noyabrın birinci yarısında yeni danışıqların keçirilməsi perspektivi də bu baxımdan əhəmiyyətlidir. Ancaq əsas sual bundan ibarətdir: tərəflər yalnız müvəqqəti atəşkəsə razılaşacaqlar, yoxsa bu proses daha geniş siyasi razılaşmanın əsasını qoyacaq? Çünki atəşkəsin əldə olunması hələ müharibənin başa çatması demək deyil. Əgər tərəflər arasında fundamental ziddiyyətlər aradan qaldırılmasa, hərbi əməliyyatların yenidən başlanması riski qalacaq. Məsələnin ABŞ-ın daxili siyasi proseslərinə təsirinə gəldikdə isə burada mühüm siyasi dividendlər amilini də nəzərdən qaçırmaq olmaz. Xüsusilə gələn ay Konqresə keçiriləcək aralıq seçkilər ərəfəsində Rusiya-Ukrayna müharibəsi ilə bağlı əldə olunacaq ciddi diplomatik nəticə Respublikaçılar Partiyasının mövqelərinin gücləndirilməsi üçün siyasi arqumentə çevrilə bilər. Əlbəttə, burada həlledici amil əldə olunacaq razılaşmanın nə dərəcədə davamlı olmasıdır. Çünki müvəqqəti humanitar atəşkəs müəyyən diplomatik irəliləyiş sayılsa da, uzunmüddətli sülhün təmin edilməsi həm beynəlxalq siyasətdə, həm də ABŞ-ın daxili siyasi müzakirələrində daha ciddi nəticə kimi qiymətləndirilə bilər”.
Yunis İsrəfilov