Şuşa qayalarına şəhidlərin adlarının yazılması ilə bağlı müzakirələr gündəmin əsas mövzularından biridir. Məsələ cəmiyyətdə birmənalı qarşılanmayıb və fərqli fikirlərin səslənməsinə səbəb olub. Bir tərəfdən təbiət abidələrinin, tarixi və təbii landşaftın qorunmasının vacibliyi vurğulanır, qayaların üzərinə yazı yazılmasının yolverilməz olduğu bildirilir. Bir tərəfdən isə bu məsələdə şəhid ailələri haqsız qınaq hədəfinə çevrilir.
Məsələyə münasibət bildirən Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri, Hərbi Yönümlü Təşkilatlar İttifaqının rəhbəri Emin Həsənli bildirib ki, şəhid mövzusu həssas məsələdir və bu mövzuya yanaşmada diqqətli olmaq lazımdır:
“Azərbaycan dövləti ölkənin ərazi bütövlüyü və dövlət suverenliyinin bərpası uğrunda mübarizədə şəhid olmuş ölkə vətəndaşlarının xatirəsinin əbədiləşdirilməsi istiqamətində bütün zəruri addımları atıb və bu sahədə mühüm layihələr həyata keçirib. Şəhidlər bizim and yerimiz, müstəqilliyimizin və ərazi bütövlüyümüzün rəmzidir. Bu gün Qarabağ torpaqlarında alnıaçıq, başıdik gəzə biliriksə, bunu qazilərimizin qəhrəmanlığı, əziz şəhidlərimizin canı və qanı bahasına müzəffər ali baş komandanın rəhbərliyi ilə qazandığımız Böyük Zəfərə borcluyuq.
Şəhid ailələrinin və qazilərin sosial rifahının təmin edilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Son altı il ərzində şəhid ailələrinin və qazilərin sosial təminatının gücləndirilməsi, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması və digər sosial problemlərinin həlli istiqamətində genişmiqyaslı layihələr həyata keçirilib. Dövlətin bu istiqamətdə həyata keçirdiyi tədbirlər şəhidlərə və onların ailələrinə göstərilən yüksək ehtiramın bariz nümunəsidir.
Bu baxımdan şəhidlərin adının və əziz xatirəsinin qorunması ilə bağlı məsələlərə həssas və məsuliyyətli yanaşmaq, eyni zamanda təbiət və tarixi abidələrin mühafizəsini təmin etmək vacibdir”.
E. Həsənli hesab edir ki, bu addımı atan insanların niyyətində şəhidlərə ehtiram və onların müqəddəs xatirəsini yaşatmaq istəyi dayanır.
“Lakin müqəddəs xatirəyə hörmətin ifadəsi tarixi və təbii irsimizə zərər vurmaqla, qayaları yazılarla örtməklə həyata keçirilməməlidir. Şuşanın hər qayası, hər daşı və hər guşəsi Azərbaycan tarixinin ayrılmaz parçası olmaqla yanaşı, gələcək nəsillərə əmanətdir.
Torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin ən böyük arzusu da məhz bu Vətənin bütövlüyünü, gözəlliyini və müqəddəsliyini qorumaq olub. Şəhidlərimizin xatirəsini əbədiləşdirmək üçün xüsusi ayrılmış memoriallar, xatirə lövhələri var. Əsl ehtiram isə şəhidlərimizin uğrunda can verdiyi Vətəni qorumaq, onun tarixini, təbiətini və müqəddəs irsini gələcək nəsillərə olduğu kimi çatdırmaqdır.
Cəmiyyətin hər bir üzvü, bütün sosial qruplardan olan insanlar səhv edə bilər. Biz bir həkimin səhvinə görə bütün həkimləri qınaq obyektinə çevirmirik. Və ya bir müəllimi xətasına görə, müəllim ordusunu aşağılamırıq. Eyni yanaşma şəhid ailələrinə də münasibətdə özünü göstərməlidir. Şəhid ailələri vətənə, dövlətə bağlı, vətəndaş məsuliyyətini dərk edən insanlardır. Ümumiləşdirmək düzgün deyil”-deyə, o, bildirib.
E.Cəfərli
Herbiand.az