“Kalaşnikov” konserni (“Rostex”in bir hissəsi) ilk dəfə olaraq ictimaiyyətə “Zveroboy” və “Kalitka-KA” anti-dron sistemlərini təqdim edib.
Herbiand.az konsernin mətbuat xidmətinə istinadən bildirir ki, hər iki sistem Moskvada keçirilən 4-cü Ümumrusiya silah forumunda nümayiş etdirilib.
“Zveroboy” vacib qurğuları kəşfiyyat və hücum PUA-larından bütün gün müdafiə etmək üçün nəzərdə tutulub. Sistem iki versiyada hazırlanıb. Stasionar versiya obyektin davamlı şəkildə qorunması üçün nəzərdə tutulub, mobil versiya isə pikap yük maşınına quraşdırılıb. Bu versiya daha sürətli mövqe dəyişməsinə imkan verir və sistemin gizlədilməsini asanlaşdırır.
Təqdim edilən digər sistem isə "Kalitka-KA"dır. Bu avtomatlaşdırılmış sistem kütləvi PUA hücumlarını dəf etmək, strateji obyektləri aşağı və son dərəcə aşağı hündürlüklərdə uçan dronlardan qorumaq üçün nəzərdə tutulub. Hədəflərə həm reaktiv mühərrikli PUA, həm də FPV dronları daxildir.
"Kalitka-KA" da stasionar və mobil versiyalarda mövcuddur. Mobil versiyada avadanlıq pikap yük maşınının şassisinə quraşdırılıb.
Bu sistemlər hazırda xüsusi hərbi əməliyyat zonasında fəal şəkildə istifadə olunur.
Bəxtiyar CƏFƏRLİ