Advertisment

Muradxanlıda su problemi: Sakinlər narazıdır -VİDEO

İmişli rayonunun Muradxanlı kəndində su problemi yaşanır. Kənd sakinləri uzun müddətdir davam edən susuzluqdan ciddi narazıdırlar. Sakinlərin sözlərinə görə, su çatışmazlığı gündəlik həyatlarını çətinləşdirib və problemin həlli üçün aidiyyəti qurumlara müraciət edilib. Onlar problemin qısa müddətdə aradan qaldırılmasını və kəndin dayanıqlı su təminatının bərpa olunmasını istəyirlər.

Muradxanlı kəndinin sakini Yasəmən Nərimanova Herbiand.az-a müraciət edərək bildirib ki, kənddə iki aydır suvarma suyu verilmir. Onun sözlərinə görə, sonuncu dəfə arxa su təxminən iki ay əvvəl Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən buraxılıb.

Həmin vaxtdan etibarən kəndin təxminən 30 evi susuz qalıb. Şikayətdə qeyd olunur ki, həyətində kranı olanlar müəyyən qədər mal-qaranı suvara bilsələr də, digər sakinlər ciddi çətinlik yaşayırlar. Onun sözlərinə görə, su çatışmazlığı səbəbindən çəpərlər və torpaq sahələri cadar-cadar olub, yonca sahələri quruyub, ağaclar isə susuzluqdan məhv olmaq təhlükəsi ilə üz-üzə qalıb. Kənd sakini aidiyyəti qurumları suvarma suyunun vaxtında verilməsini təmin etməyə çağırıb. Bildirib ki, arxlara iki aydır suyun verilməməsi həm əkinçiliyə, həm də heyvandarlığa ciddi zərər vurur.

Məsələ ilə bağlı Herbiand.az-ın sorğusunu cavablandıran 81 saylı İmişli seçki dairəsindən Milli Məclisin deputatı, Milli Cəbhə Partiyasının başqanı Razi Nurullayevin köməkçisi Ehtiram Mehdiyev bildirib ki, müraciətdən sonra vəziyyəti araşdırıb.

O qeyd edib ki, ona təqdim olunan məlumata əsasən Muradxanlı kəndində ümumi su problemi qeydə alınmayıb. Ehtiram Mehdiyevin sözlərinə görə, yaranmış vəziyyət bütün kəndi deyil, yalnız bir nəfərin yaşadığı ünvanda baş verən lokal problem ola bilər.

Yunis İsrəfilov

Herbiand.az