“Rusiyanın son vaxtlar Polşanı hədəfə alması: həm ritorik müstəvidə, həm də Polşa-Ukrayna sərhədinə zərbələr endirməsi ilk növbədə Qərbin Ukraynaya hərbi yardımının logistikasını dağıtmaq məqsədi daşıyır”.
Bu sözləri Herbiand.az-a açıqlamasında siyasi şərhçi Asif Nərimanlı bildirib.
Siyasi şərhçi qeyd edib ki, Qərbdən göndərilən silahlar əsasən bu istiqamətdən gəldiyi üçün Rusiya müharibə meydanını dəyişmək, üstünlük qazanmaq və nəqliyyat-logistika xətlərini sıradan çıxarmaq üçün bu addımları atır:
"Ümumi mənzərədə isə əsas hədəf Avropanı Ukrayna məsələsində və müharibəsində geri addım atmağa məcbur etməkdir. Çünki hazırda danışıqlar masasında yenidən Amerikanın istəyi və təklifləri ilə yeni bir proses başladılır. Bu proses əslində əvvəlki — İran müharibəsindən əvvəl olan prosesdən o qədər də fərqlənmir. Şərtlər, tələblər bəllidir, hər iki tərəfin mövqeyi bəllidir və aradakı ziddiyyətlər məlumdur.
Bu prosesdə irəliyə doğru addım atmaq və prosesi irəlilətmək üçün tərəflərdən birinin müəyyən qədər də olsa geri addım atması lazımdır. Hər iki tərəf öz mövqeyindən geri çəkilmədiyi müddətdə nəticə əldə etmək mümkün olmayacaq. Ukraynanın hər zaman olduğu kimi-xüsusən Donald Trampın hakimiyyətə gəlişindən sonra başlayan danışıqlar prosesində-müqavimətinin əsas zəmanətçisi məhz Avropa ölkələridir”.
Asif Nərimanlı vurğulayıb ki, Rusiya Polşa da daxil olmaqla Şərqi Avropa ölkələrini hədəf almaqla, yəni bir növ NATO-nun sərhədlərinə müdaxilə etmək görüntüsü yaratmaqla Avropanı qorxutmaq və geri çəkilməyə məcbur etmək istəyir:
"Rusiya bununla göstərir ki, Avropa Ukraynaya dəstəyini dayandırmasa, müharibə genişlənər və birbaşa Avropanın özünə sıçraya bilər. Rusiya daha öncə Şərqi Avropa ölkələrinin hava məkanını məhz PUA-lar vasitəsilə pozub və son vaxtlar bu yenidən başlayıb. Burada PUA-ların işə düşməsi təsadüfi deyil. Çünki Rusiyanın məqsədi Polşaya və ya Şərqi Avropa ölkələrinə qoşun yeritmək deyil. Birincisi, Ukraynadakı mövcud vəziyyət fonunda Rusiyanın bu imkanları məhduddur. İkincisi, hər hansı ölkəyə təcavüz etmək və ya raket zərbəsi endirmək NATO-nun avtomatik olaraq 5-ci maddəsini aktuallaşdıracaq və NATO-Rusiya müharibəsinə gətirib çıxaracaq”.
Analitikin fikrincə, bu, Rusiya üçün nəticə əldə edə bilməyəcəyi qeyri-mümkün bir müharibədir və Moskva Ukrayna məsələsində həll yolları tapmağa çalışır:
"Ona görə də Rusiya ağır raket zərbələri endirmir, hava məkanını təyyarə və ya raketlərlə pozmur, daha çox PUA-lar vasitəsilə bunu edir. Bu, həm Rusiyaya hüquqi müstəvidə məsuliyyətdən yayınmağa imkan verir, həm də Avropa ölkələrinə xəbərdarlıq edir ki, Ukraynadan geri çəkilməsələr, müharibə Avropanın özünə keçə bilər.
Bu kontekstdə NATO-Rusiya müharibəsi yakın perspektivdə çətin görünür. Lakin Rusiyanın Ukraynanı təslim etmək üçün Avropanın dəstəyini kəsmək məqsədilə Şərqi Avropa və Polşa istiqamətində PUA-larla yüngül zərbələr endirməsi və hava məkanını pozması gözləniləndir”.
Siyasi şərhçi əlavə edib ki, NATO-nun özü də Rusiya ilə müharibəyə qoşulmaqda maraqlı deyil:
"Əvvəl də PUA-larla hava məkanı pozulanda NATO bu mövqedən çıxış etmişdi. Raket zərbələri olmadıqca, NATO bu məsələdən yayına və reaksiyasını siyasi bəyanatlarla məhdudlaşdıra bilir. Çünki Rusiya ilə müharibə NATO-nun da strateji mənafelərinə uyğun deyil. Xüsusən Trampın gəlişindən sonra Amerika NATO-dan və Avropanın müdafiəsindən kifayət qədər geri çəkilib.
Hazırda Avropa ölkələrinin hərbi arsenalı o səviyyədə deyil, əhalinin səfərbər edilərək müharibə aparılması da qeyri-realdır. İkinci Dünya Müharibəsindən sonra Avropa daha çox sənaye və sosial-iqtisadi inkişafa fikir verib, hərbi potensialı arxa plana keçirərək Amerikanın müdafiəsinə güvənib. Amerika geri çəkildiyi üçün Avropa Rusiya ilə müharibədə maraqlı deyil, lakin çalışırlar ki, məsələ Ukrayna sərhədlərindən kənara çıxmasın və Rusiya Ukraynada tam istəyinə nail ola bilməsin”.
siyasi şərhçi prosesin gələcək inkişafı barədə bunları deyib:
"Rusiya 5-ci maddəni işə salacaq vəziyyət yaratmadan PUA-lar vasitəsilə hücumlar edərək Avropanı Ukrayna məsələsində geri çəkilməyə məcbur etməyə çalışacaq. NATO və Avropa ölkələri də müharibənin Ukrayna sərhədlərindən kənara çıxmasına imkan vermədən, dəstəyi artıraraq Rusiyanı Ukrayna daxilində geri addım atmağa məcbur etməyə cəhd edəcəklər. Məsələnin sürən bir proses olaraq bu formada davam edəcəyi ehtimalı daha yüksəkdir".
Yunis İsrəfilov