Advertisment

19FortyFive: Ukraynanın az sayda F-16 təyyarəsi uçuşa yararlıdır

Ukraynaya 79 ilə 85 arasında istifadə olunmuş Qərb hərbi təyyarəsi vəd edilib. Lakin bunlardan neçəsinin əslində döyüşə hazır olduğu və neçəsinin ehtiyat hissə kimi istifadə olunacağı və ya yerüstü təlim üçün istifadə ediləcəyi məlum deyil.

Herbiand.az xəbər verir ki, bu barədə Amerikanın 19FortyFive onlayn nəşri yazıb.

Məqalədə deyilir ki, müxtəlif hesablamalara görə, Ukrayna 34 ilə 39 arasında istifadə olunmuş F-16 qırıcısı alıb. Lakin Ukrayna tərəfi iddia edir ki, döyüşə hazır təyyarələrin sayı 10-u keçmir.

Belçika bu il Kiyevə daha yeddi F-16 qırıcısı bağışlayacaq. Lakin onlardan yalnız üçü döyüşə hazırdır. Bu üç təyyarə Ukrayna Hərbi Hava Qüvvələri tərəfindən əsasən hava hücumundan müdafiə - Rusiyanın qanadlı raketlərini və dronlarını tutmaq üçün istifadə ediləcək. 19FortyFive vurğulayır ki, bu, Ukrayna Hərbi Hava Qüvvələrinə olduqca təvazökar bir əlavədir. Uçuş üçün yararsız olan qalan dörd təyyarə ehtiyat hissələri üçün söküləcək və mühəndislər, texniki işçilər yetişdirmək üçün istifadə ediləcək.

Ukrayna hərbi-sənaye kompleksinin nümayəndələrinin sözlərinə görə, ehtiyat hissələrinin çatışmazlığı ciddi problemdir.

19FortyFive-in məlumatına görə, gələn il Kiyevin alacağı təyyarələrin əksəriyyəti Avropa istehsalı olacaq. İmzalanmış anlaşmanın şərtlərinə əsasən, İsveç Ukraynaya 16 ədəd istifadə olunmuş Saab JAS-39C/D təyyarəsi təhvil verəcək. Kiyev həmçinin, 20 ədəd yeni nəsil JAS-39E/F qırıcı təyyarəsi alacaq.

Bəxtiyar CƏFƏRLİ