Advertisment

Milli Məclisin İnsan hüquqları komitəsinin payız sessiyasında ilk iclası keçirilib

Sentyabrın 21-də Milli Məclisin İnsan hüquqları komitəsinin 2026-cı ilin payız sessiyasında ilk iclası keçirilib.

Herbiand.az xəbər verir ki, komitə sədri Zahid Oruc İnsan hüquqları komitəsinin 2026-cı ilin yaz və növbədənkənar sessiyaları ərzində gördüyü işlər barədə hesabatı təqdim edib.

Sonra İnsan hüquqları komitəsinin 2026-cı ilin payız sessiyası üçün iş planının layihəsi barədə məlumat verilib.

Qeyd edilib ki, qarşıdan gələn sessiyada komitəyə təqdim olunan qanun layihələrinin müzakirəsi, dezinformasiya və manipulyasiya texnologiyalarına qarşı hüquqi və institusional mexanizmlərin gücləndirilməsi və digər məsələlərə dair ictimai dinləmələrin keçirilməsi nəzərdə tutulub. Sənəddə, həmçinin inzibati qərarların icrası, əlilliyi olan şəxslərin xidmətlərə fiziki və rəqəmsal əlçatanlığı, şəhid ailələrinin və qazilərin sosial və hüquqi təminatları ilə bağlı məsələlər də əks olunub.

Gündəlikdəki qanun layihəsi ilə bağlı komitə sədri bildirib ki, “Dövlət xidmətləri haqqında” 2025-ci il 31 oktyabr tarixli 279-VIIQ nömrəli Qanunun icrası ilə əlaqədar bəzi qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi uyğunlaşdırma xarakteri daşıyır və dövlət xidmətlərinin həyata keçirilməsinin səmərəli təşkili üçün mövcud normaların təkmilləşdirilməsi məqsədilə hazırlanıb.

Sənədlərin müzakirəsində dövlət xidmətlərinə əlçatanlığın artırılması, icbari tibbi sığorta sisteminin tətbiqində özəl tibb müəssisələrinin imkanlarından istifadənin genişləndirilməsi, şəhid ailələrinin, eləcə də digər vətəndaşların sosial müdafiəsi, regionların sosial-iqtisadi və investisiya baxımından cəlbediciliyinin artırılması, paytaxtda nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi kimi məsələlərlə bağlı fikir və təkliflər səsləndirilib.

İclasın sonunda ötən sessiyada komitədə görülmüş işlər qənaətbəxş hesab olunub, 2026-cı ilin payız sessiyası üçün iş planının layihəsi təsdiqlənib, gündəlikdəki qanun layihəsi Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə edilib.